Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu
Azərbaycan-Britaniya münasibətləri özünün ən güclü dövrünü yaşayır.
Crossmedia.az xəbər verir ki, bu fikir Londonda keçirilən İkinci Azərbaycan-Britaniya Siyasət Forumunda səslənib. Britaniyadan və Azərbaycandan 70-ə yaxın diplomatı, ictimaiyyət nümayəndəsini, biznes nümayəndələrini bir araya toplayan Forumun açılış sessiyasında Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən, Britaniya parlamentinin Lordlar Palatasının üzvü, hazırkı Leyborist hökumətində keçmiş nazir Lord Vajid Xan, BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər. Həmçinin Britaniyanın Bakıdakı səfiri Norman Dunkan tədbir iştirakçılarına video-müraciət edib.
Səfir Elin Süleymanov bildirib ki, Azərbaycan və Britaniya münasibətləri zamanın sınağından keçib. Bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi qərarı da mövcud etibarlı tərəfdaşlığın məntiqi davamıdır.
Britaniyanın Azərbaycandakı səfiri Norman Dunkan tədbir iştirakçılarına göndərdiyi video-mesajda Forumun olduqca əhəmiyyətli bir vaxtda – Azərbaycan və Britaniya arasında strateji tərəfdaşlığın sürətlə inkişaf etdiyi və iki ölkə arasında müxtəlif sahələr üzrə daha dərin əməkdaşlığa imkan yaratdığı bir vaxtda keçirilməsinin önəminə diqqət çəkib.
Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən Azərbaycana səfərlərini yada salıb. 2023-cü ildə ölkəmizə baş tutan səfəri zamanı azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi ilə yaxından tanış olmaq imkanının yarandığını deyib. Bu xüsusda o, Britaniyanı Azərbaycanda mina fəaliyyətinə dəstək verməyə davam etməyə səsləyib.
Hakim Leyboristlər partiyasından Britaniya parlamentinin Lordlar Palatasının üzvü, həmçinin parlamentdə Azərbaycan üzrə Qrupun üzvü Lord Vajid Xan Azərbaycanla bağlı müşahidə etdiyi ən vacib məqamın Azərbaycanın öhdəsinə götürdüyü bütün vədləri yerinə yetirməsinin olduğunu deyib. O dünyanın yaşıl keçiddən danışdığı dövrdə Azərbaycanın bu xüsusda konkret addımlar atdığını, layihələr həyata keçirdiyini, COP29 tədbirini uğurla təşkil etdiyini söyləyib.
BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iki ölkə arasında ənənəvi və alternativ enerji sahəsində həyata keçirilən layihələrdən bəhs edərək, Azərbaycan-Britaniya münasibətlərinin son üç onillikdən uzun bir müddətdə dəyişən reallıqlar fonunda uğurla təkamül etdiyini vurğulayıb.
Açılış sessiyasından sonra tədbir panel müzakirələr formatında davam edib. Regional təhlükəsizlik konktekstində ikitərəfli münasibətlərə həsr olunan birinci panelə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib.
Panel iclasda müvafiq geosiyasi reallıqların, kritik minerallarla bağlı ehtiyacların, Mərkəzi Asiya və Azərbaycanı birləşdirən C6 formatında əməkdaşlığın, Orta Dəhlizin, müdafiə və təhlükəsizlik mühitinin Azərbaycan-Britaniya münasibətlərini necə şəkilləndirdiyi müzakirə edilib.
XLinks, Yaşıl Enerji Dəhlizi Şirkəti (GECO), Yaşıl Dəhliz Alyansının mütəxəssislərinin iştirakı ilə keçirilən Forumun ikinci paneli isə Azərbaycan və Britaniya arasında enerji əməkdaşlığının təkamülü – regional interkonnektor təşəbbüslərinin müzakirəsinə həsr olunub.
Tədbirin bağlanış hissəsində Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun tərəfdaşlıqlar üzrə rəhbəri Nərgiz İsmayılova çıxış edərək Forumun iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərinə nəzər salan əlverişli platforma təşkil etdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün qarşılıqlı imkan və marağın mövcud olması Forum iştirakçılarının yekdil mövqeyidir.(AZƏRTAC)
16:27 04.11.2026
Oxunuş sayı: 62