Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?
Kənd təsərrüfatı məhsullarının qiymətindəki artım artıq mövsümi dəyişiklik
çərçivəsindən çıxaraq istehlakçıların gündəlik həyatına təsir edən ciddi
iqtisadi problemə çevrilir. Meyvə-tərəvəz, ət, süd və digər ərzaq məhsullarının
bahalaşması ailələrin xərclərini artırır, xüsusilə sabit gəlirlə yaşayan
insanların büdcəsinə əlavə yük yaradır. Halbuki kənd təsərrüfatı ölkənin ərzaq
təminatının əsas dayaqlarından biri hesab olunur. Bu sahədə istehsalın
genişləndirilməsi, yerli məhsulların bazara çıxarılması və idxaldan asılılığın
azaldılması dəfələrlə prioritet kimi açıqlansa da, bazarda qiymətlərin davamlı
yüksəlməsi bir sıra suallar doğurur.
Bahalaşmanın səbəbləri sırasında istehsal xərclərinin artması, yanacaq,
gübrə, toxum, yem və suvarma xərcləri, logistika və daşınma problemləri
göstərilir. Bununla yanaşı, kənd təsərrüfatında məhsuldarlığın aşağı olması,
fermerlərin maliyyə və texniki imkanlarının məhdudluğu, vasitəçilərin çoxluğu
və bazarda qiymət formalaşmasının şəffaf olmaması da müzakirə edilməli
məsələlərdir. Digər tərəfdən, məhsulun tarladan bazara qədər keçdiyi
mərhələlərdə qiymətin nə qədər artdığı, fermerin qazancı ilə istehlakçının
ödədiyi məbləğ arasındakı fərqin hansı səbəblərdən yarandığı hər zaman aydın
görünmür.
Burada diqqət çəkən əsas məqamlardan biri də odur ki, kənd təsərrüfatı məhsullarının qiyməti artdıqca, bu, həmişə istehsalçının gəlirinin yüksəlməsi demək olmur. Fermer artan xərclər qarşısında qazancının azaldığını bildirə, istehlakçı isə eyni məhsulu daha baha almağa məcbur qala bilər. Belə olan halda qiymət artımından əldə olunan əlavə gəlirin hansı mərhələdə formalaşdığı və kimlərin qazandığı sualı aktuallaşır.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli
bildirib ki, kənd təsərrüfatı məhsullarının pərakəndə satış qiymətləri ilə
istehsalçı qiymətləri arasında bütün dünyada müəyyən fərqlər mövcuddur:
“Çünki bu qiymətlərə logistika, saxlama və anbar xərcləri təsir edir. Bundan
başqa, kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullar kateqoriyasına aid
olduğundan, daşınma və satış prosesində yaranan itkilər də nəzərə alınmalıdır.
Bütün bunlar istehsalçı ilə pərakəndə satış qiymətləri arasında fərqin
yaranmasına səbəb olur.
Azərbaycanda da hazırda fermerdən məhsulun alınma qiyməti ilə pərakəndə
satış qiyməti arasında ciddi fərq var. Bunun bir neçə səbəbi mövcuddur. İlk
növbədə, fermerlərin pərakəndə satış şəbəkələrinə birbaşa çıxış imkanları
zəifdir. Onlar iri market şəbəkələri ilə birbaşa müqavilələr bağlamırlar. Bəzən
buna maraq göstərmirlər, bəzən isə belə əməkdaşlığın yollarını bilmirlər.
İlk növbədə, bu problemi həll etmək lazımdır. İri market şəbəkələri
fermerlərlə birbaşa müqavilələr bağlamalı və məhsulları vasitəçilər olmadan
onlardan almalıdırlar.
İkinci məsələ fermerlərin özlərinin pərakəndə satış imkanlarının yaradılmasıdır.
Bu məqsədlə həm regionlarda, həm də şəhərlərdə bazarların sayının artırılması
məqsədəuyğun olardı. Belə satış məkanları fermerlərlə istehlakçılar arasında
birbaşa əlaqə yaratmaqla yanaşı, rəqabətin güclənməsinə də imkan verər.
Digər tərəfdən, ölkədə məhsuldarlığın artırılmasına və kənd təsərrüfatında
innovativ mexanizmlərin tətbiqinə ehtiyac var. Müasir suvarma sistemlərinin
tətbiqi, istehsal imkanlarının genişləndirilməsi və məhsul həcminin artırılması
qiymətlərin aşağı düşməsinə müsbət təsir göstərə bilər.
Rəqabət mühitinin yaxşılaşdırılması üçün istixanaların və bu sahədə
fəaliyyət göstərən digər şirkətlərin bazardakı payı da nəzərə alınmalıdır.
Bundan başqa, fermerlərin kommunal xidmətlərə çəkdiyi xərclərin azaldılması
vacibdir. Günəş enerjisi və digər alternativ, bərpaolunan enerji mənbələrindən
istifadənin genişləndirilməsi, regionlarda soyuducu anbarların və istixanaların
sayının artırılması bu istiqamətdə ciddi nəticə verə bilər. Bütün bu tədbirlər
istehsal və saxlama xərclərini azaltmaqla kənd təsərrüfatı məhsullarının
qiymətinə də müsbət təsir göstərə bilər”.
Məhəbbət Tərlanoğlu
16:10 04.11.2026
Oxunuş sayı: 61