Xəzər çəkilir, sahildə meşələr yaranır: Dənizin yerini yaşıllıq tuta bilərmi?
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq sahilboyu ərazilərdə gözlə
görünən dəyişikliklərə səbəb olur. Vaxtilə dənizin suları altında qalan torpaq
sahələri üzə çıxır, sahil xətti geri çəkilir, yeni quru ərazilər formalaşır.
Azərbaycanın cənub bölgəsində, xüsusilə Lənkəran sahillərində müşahidə olunan
bu proses nəticəsində dənizin əvvəlki sərhədləri dəyişir, quruyan ərazilərdə
isə bitki örtüyü yaranmağa başlayır. Bəzi sahələrdə ağacların və meyvə
bitkilərinin yetişməsi yeni landşaftın formalaşdığını göstərir.
İlk baxışdan dənizin çəkilməsi nəticəsində yaranan yaşıllıq sahələri müsbət
təbii dəyişiklik təsiri bağışlaya bilər. Ancaq burada daha ciddi bir sual
ortaya çıxır: Xəzərin geri çəkildiyi ərazilərdə yaranan meşəliklər dənizin
yerini tutan yeni ekosistemə çevrilə bilərmi? Yoxsa bu, müvəqqəti mənzərə
dəyişikliyidir və uzunmüddətli perspektivdə həmin ərazilər başqa ekoloji
problemlərlə üzləşəcək?
Məsələ yalnız sahildə ağacların və bitkilərin artması ilə məhdudlaşmır.
Dəniz səviyyəsinin azalması sahil ekosistemlərinə, torpağın tərkibinə,
biomüxtəlifliyə, su-bataqlıq ərazilərinə və bütövlükdə Xəzər hövzəsinin təbii
tarazlığına təsir göstərir. Dənizin çəkilməsi ilə üzə çıxan torpaqların
hamısında meşəliklərin formalaşması mümkün deyil. Bunun üçün torpağın şoranlıq
səviyyəsi, qrunt sularının vəziyyəti, iqlim şəraiti və bitkilərin uyğunlaşma
imkanları mühüm rol oynayır.
Digər tərəfdən, Xəzərin səviyyəsinin azalması davam edərsə, sahil xəttinin daha da geri çəkilməsi, limanların və sahilyanı infrastrukturun fəaliyyətində çətinliklər, bəzi ərazilərdə ekoloji tarazlığın pozulması kimi nəticələr yarana bilər. Beləliklə, bu gün sahildə müşahidə etdiyimiz yaşıllıq gələcəkdə Xəzərin yerini meşələrin tutacağı anlamına gəlmir. Əsas məsələ dənizin çəkilməsi nəticəsində hansı yeni təbii mühitin formalaşacağı və bu dəyişikliklərin uzunmüddətli ekoloji nəticələrinin necə olacağıdır.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən coğrafiyaşünas Nəriman
Paşayev bildirib ki, Azərbaycanın Xəzər sahili boyunca, xüsusilə də dənizin
geri çəkilməsi nəticəsində yaranmış ərazilərdə yaşıl zonaların yaradılması
məqsədəuyğun olardı:
“Bu ərazilərdə yaşıl zolaqlar salmaq həm ekoloji, həm də iqtisadi baxımdan
faydalıdır. Samurdan Astaraya qədər uzanan sahilboyu ərazi turizm üçün böyük
əhəmiyyət daşıyır. Burada meşə zolaqlarının salınması, ərazilərin qoruq, milli
park və ya turizm zonası kimi istifadəyə cəlb edilməsi yaxşı nəticə verə bilər.
Lakin bir məqamı nəzərə almaq lazımdır. Xəzər dənizinin səviyyəsi tarixən
müxtəlif dövrlərdə dəyişib. Bəzən dənizin səviyyəsi qalxaraq sahilyanı
əraziləri su altında qoyub, bəzən isə geri çəkilərək yeni torpaq sahələri üzə
çıxarıb. Hazırda da Xəzərin səviyyəsinin azalması müşahidə olunur. Alimlərin
tədqiqatlarına görə, bu proses qarşıdakı 20-30 ildə də davam edə, dəniz
səviyyəsi bir qədər də aşağı düşə bilər. Buna görə də həmin ərazilərdə yaşıl
zolaqların yaradılması uzunmüddətli perspektiv baxımından faydalı addım ola
bilər.
Bununla belə, sahilboyu ərazilərin coğrafi və torpaq xüsusiyyətləri nəzərə
alınmalıdır. Kür-Araz və Samur-Dəvəçi ovalıqları, eləcə də Abşeron
yarımadasının sahil zonalarının bir hissəsi yarımsəhra xüsusiyyətlərinə
malikdir. Bu ərazilərdə yaşıllıq salmaq üçün süni suvarmaya ehtiyac yarana
bilər. Quba-Xaçmaz və digər bəzi ərazilərdə isə suvarma tələbatı fərqli ola
bilər. Torpağın mineral tərkibinin yaxşılaşdırılması və əraziyə uyğun bitki
növlərinin seçilməsi hesabına şirin sudan istifadəni minimuma endirərək geniş
yaşıllıq zolaqları yaratmaq mümkündür.
Hesab edirəm ki, belə bir layihə həm əhalinin istirahəti, həm turizmin inkişafı,
həm də sahilyanı ərazilərin səmərəli istifadəsi baxımından faydalı olardı.
Ancaq bu ərazilərdə yaşayış məntəqələrinin və iri sənaye müəssisələrinin
tikilməsi məqsədəuyğun deyil. Çünki Xəzərin səviyyəsi tarixən dəfələrlə
dəyişib. Son bir əsrdə belə dəniz səviyyəsinin bir neçə dəfə qalxıb-enməsi
müşahidə olunub. Bu səbəbdən sahilboyu ərazilərdə daimi yaşayış və iri sənaye
obyektləri yaratmaq əvəzinə, onların yaşıl və rekreasiya zonaları kimi
istifadəsinə üstünlük verilməlidir.
Beləliklə, Xəzərin geri çəkilməsi nəticəsində yaranan ərazilərdə yaşıl zonaların yaradılması həm ekoloji tarazlığın qorunmasına, həm turizm imkanlarının genişlənməsinə, həm də həmin ərazilərin səmərəli istifadəsinə xidmət edə bilər”.
Məhəbbət Tərlanoğlu
17:00 04.11.2026
Oxunuş sayı: 56