Ordu Trampın əmrini gözləyir: Hədəfdə hansı ölkədir?
ABŞ-də keçirilən seçkilərdən sonra Donald Trampın daxili siyasi mövqeyi və xarici siyasətdə manevr imkanları yenidən müzakirə mövzusuna çevrilib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Trampın İranla müharibənin növbəti mərhələsinə hazırlaşdığını iddia edərək Vaşinqtonun İsraili prioritet hesab edən siyasətini tənqid edib. Bu açıqlama ABŞ-İran münasibətlərində gərginliyin yenidən artması ehtimalını gündəmə gətirir.
Digər tərəfdən, seçkilərdən sonra Trampın daxili siyasi dayaqlarının və qərarvermə imkanlarının nə dərəcədə dəyişdiyi də mühüm sualdır. Ağ Ev rəhbərinin İranla bağlı hərbi əməliyyatlara başlamaq və ya mövcud qarşıdurmanı genişləndirmək üçün kifayət qədər siyasi gücü qalıbmı? Tehran isə Vaşinqtonun mövqeyinin zəifləməsindən istifadə edərək ABŞ-yə qarşı hansı siyasi, diplomatik və hərbi addımlar ata bilər?
Mövzu ilə bağlı Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlama verib: "Söhbət bir ölkənin Ali Baş Komandanından- Donald Trampdan gedir. Onun hələ də kifayət qədər ciddi təsir imkanları mövcuddur. O, siyasi və hərbi baxımdan müəyyən gücə malikdir. Ən azı, mövcud vəziyyətin ən mürəkkəb ssenarisində belə, 2029-cu ilə qədər orduya rəhbərlik etmək imkanını qoruyub saxlayacaq”.

Ekspert qeyd edib ki, digər tərəfdən, hazırda Senatın fəaliyyətə başlamaması da siyasi proseslərə təsir edən amillərdəndir: “Bu baxımdan, Trampın qarşısında hələ müəyyən zaman və manevr imkanları var. Xüsusilə qarşıdakı günlərdə onun həlledici addımlar atmağa, mövcud vəziyyətə təsir göstərməyə və siyasi mövqelərini möhkəmləndirməyə çalışacağını düşünürəm. Bu müddət ərzində atılacaq addımlar sonrakı siyasi proseslərin istiqamətini müəyyənləşdirə bilər”.
Ayhan
19:43 06.11.2026
Oxunuş sayı: 55