Ermənistanla sülh sazişi iki aya da imzalana bilər- Elmar Məmmədyarov
Ermənistan Baş naziri Nikol Paşinyan mediaya müsahibəsində Azərbaycanla münasibətlərdə sülhün artıq real vəziyyətə çevrildiyini bəyan edir. Lakin bu açıqlama bir sıra suallar doğurur: Ermənistanın Baş naziri hansı faktlara əsaslanaraq real sülhdən danışır? Axı iki ölkə arasında sülh sazişi hələ imzalanmayıb, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələ öz həllini tapmayıb və sülhün hüquqi-institusional əsasları tam formalaşmayıb. Bəs Paşinyanın «real sülh» ifadəsi hansı siyasi və praktiki reallıqlara söykənir? Bu bəyanat mövcud vəziyyətin siyasi təqdimatıdır, yoxsa Azərbaycan-Ermənistan münasibətlərində həqiqətən yeni mərhələnin göstəricisidir? Sülhün real olduğunu söyləmək üçün hansı şərtlər yerinə yetirilməlidir və Ermənistan bu istiqamətdə üzərinə düşən öhdəlikləri nə dərəcədə icra edib?
Mövzu ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, sülh sazişi mətninin paraflanmasından sonra Azərbaycan və Ermənistan arasında faktiki sülhün əldə olunması istiqamətində müəyyən irəliləyişlərə nail olunub: “Lakin hüquqi baxımdan tam sülhün təmin edilməsi üçün sazişin imzalanması vacibdir. Hamıya məlumdur ki, bunun üçün ilk növbədə Ermənistan öz Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Yalnız bundan sonra sülh sazişinin tam şəkildə imzalanmasına yol açıla bilər. Hazırda “top Ermənistanın meydanındadır”. Hər şey Ermənistanın yeni Konstitusiyanı nə zaman təqdim edəcəyindən asılıdır. Əvvəlcə bunun oktyabr ayında baş verəcəyi bildirilirdi, sonradan isə noyabr ayına keçirdilər. İndi həmin sənədin təqdim olunmasını gözləmək lazımdır. Yeni Konstitusiya təqdim edildikdən sonra onunla bağlı müzakirələr aparılmalı və sənəd qəbul edilməlidir. Bundan sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün yol açıla bilər. Hazırda sazişin nə zaman imzalanacağını dəqiq söyləmək mümkün deyil. Bu proses yanvarda, iki ay, yaxud altı ay sonra baş verə bilər. Bütün bunlar, ilk növbədə, Ermənistanın yeni Konstitusiyanı nə vaxt təqdim edəcəyindən və bu istiqamətdə atacağı addımlardan asılıdır”.
Ayhan
19:45 04.11.2026
Oxunuş sayı: 60