Süfrəmizdəki qidalar dəyişir: Eyni məhsul, daha az fayda?
Qida məhsullarının görünüşü, dadı və qiyməti ilə yanaşı, onların tərkibi də
müasir dövrdə ciddi dəyişikliklərə məruz qalır. İqlim dəyişikliyi, torpaqların
keyfiyyətinin pisləşməsi, su ehtiyatlarının azalması, kənd təsərrüfatında
istifadə olunan kimyəvi maddələr və istehsal texnologiyalarının dəyişməsi
gündəlik istehlak etdiyimiz qidaların qida dəyərinə təsir göstərən əsas amillər
sırasındadır. Nəticədə süfrəmizdəki məhsullar əvvəlki ilə eyni görünsə də,
onların tərkibindəki vitamin, mineral, zülal və digər faydalı maddələrin
miqdarı fərqlənə bilər.
Xüsusilə qlobal istiləşmə və atmosferdə karbon qazının miqdarının artması
kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə bağlı narahatlıqları artırır.
Bəzi elmi araşdırmalarda yüksək karbon qazı konsentrasiyasının müəyyən
bitkilərdə zülal, dəmir və sink kimi vacib qida maddələrinin miqdarını azalda
biləcəyi qeyd olunur. Digər tərəfdən, torpağın münbitliyinin azalması, suvarma
suyunun keyfiyyəti, məhsuldarlığı artırmaq məqsədilə tətbiq olunan üsullar da
qidaların tərkibinə təsirsiz ötüşmür.
Bu dəyişikliklər ilk baxışdan istehlakçı tərəfindən hiss olunmaya bilər.
Çünki məhsulun xarici görünüşü, ölçüsü və hətta dadı onun qida dəyərinin
əvvəlki səviyyədə olduğunu göstərmir. İnsan gündəlik qidalanmasında kifayət
qədər məhsul qəbul etsə belə, orqanizmin ehtiyac duyduğu bəzi vitamin və
mineralları lazımi miqdarda almaya bilər. Bu isə uzun müddət ərzində qidalanma
keyfiyyətinin aşağı düşməsi və müəyyən sağlamlıq risklərinin yaranması ilə
nəticələnə bilər.
Məsələ təkcə kənd təsərrüfatı məhsullarının təbii tərkibinin dəyişməsi ilə də bitmir. Emal prosesləri, qidaya əlavə olunan maddələr, süni dadlandırıcılar, konservantlar və digər əlavələrin istifadəsi də istehlak etdiyimiz məhsulların xüsusiyyətlərinə təsir göstərir. Belə bir şəraitdə qida təhlükəsizliyi ilə yanaşı, qidaların bioloji və qida dəyərinin qorunması da mühüm məsələyə çevrilir.

Crossmedia.az-a açıqlama verən qida eksperti Seymur Qafarov bildirib ki, qida
məhsullarının tərkibinin dəyişməsinin səbəblərindən biri də iqlim dəyişikliyi
və atmosferdə karbon qazının (CO₂) səviyyəsinin artmasıdır:
“Karbon qazının miqdarının yüksəlməsi bitkilərdə fotosintez prosesini
sürətləndirir və onların daha sürətli böyüməsinə səbəb olur. Lakin bu zaman
bitkilər karbohidratları daha sürətlə mənimsəsələr də, torpaqdan dəmir və digər
vacib mineralları, eləcə də zülalları eyni nisbətdə toplaya bilmirlər. Nəticədə
məhsulun tərkibindəki mineral və zülal konsentrasiyası azalır. Bu proses elmi
ədəbiyyatda “dilüsiya effekti” adlanır.
Torpağın münbitliyinin azalması da qida məhsullarının keyfiyyətinə təsir
edən amillərdəndir. Həddindən artıq əkin və monokultura, yəni eyni torpaq
sahəsində uzun müddət eyni növ bitkilərin yetişdirilməsi torpağın təbii
mikroorqanizm balansını poza və mineral ehtiyatlarını azalda bilər. Nəticədə
torpaqda çatışmayan minerallar bitkilər tərəfindən də lazımi miqdarda
mənimsənilmir.
Kimyəvi maddələrin həddindən artıq istifadəsi də torpağın tərkibinə mənfi
təsir göstərir. Məsələn, azot gübrələrinin normadan artıq tətbiqi bitkilərin
sürətli böyüməsinə səbəb olsa da, vitamin və antioksidantların sintezinə mənfi
təsir göstərə bilər. Pestisid, herbisid və funqisidlərin düzgün istifadə
edilməməsi isə torpağın faydalı mikroflorasına zərər vuraraq bitkilərin təbii
inkişafına təsir edir”.
Ekspert qeyd edib ki, qida məhsullarının emalı zamanı da onların qida
dəyərinin bir hissəsi itirilir:
“Məsələn, taxılın emal edilərək ağ una çevrilməsi, tərəvəz və meyvələrin
qabığının soyulması zamanı məhsulların ən qiymətli hissələrindən olan rüşeym və
qabıq qatları kənarlaşdırılır. Bu isə liflərin, B qrupu vitaminlərinin və mühüm
mineralların əhəmiyyətli hissəsinin itirilməsinə səbəb olur.
Bütün bunlar insan sağlamlığı üçün uzunmüddətli risklər yarada bilər. Bu
risklərdən biri də elmdə “gizli aclıq” adlandırılan vəziyyətdir. İnsan kalori
baxımından kifayət qədər qidalansa da, qəbul etdiyi qidalarda sink, dəmir, yod,
maqnezium və vitaminlər kimi vacib mikroelementlər çatışmaya bilər. Belə
qidalanma immun sisteminin zəifləməsinə, xroniki yorğunluğa və maddələr
mübadiləsinin pozulmasına gətirib çıxara bilər.
Antioksidant və fitokimyəvi maddələrlə zəngin qidaların az qəbul edilməsi də
sağlamlıq baxımından müəyyən risklər yaradır. Belə qidalanma ürək-damar
xəstəliklərinin, ikinci tip diabetin və iltihabi proseslərin yaranması və
inkişafı ehtimalını artıra bilər. Uşaqlarda isə zülal, sink və dəmir
çatışmazlığı fiziki böyümənin, eləcə də beyin və idrak qabiliyyətlərinin
inkişafının ləngiməsinə səbəb ola bilər.
İstehlakçılar qida məhsullarının keyfiyyəti və qida dəyəri haqqında müəyyən
təsəvvürü onların dadına, ətrinə və teksturasına əsasən formalaşdıra bilərlər.
Süni istixanalarda və ya həddindən artıq gübrə tətbiq edilməklə yetişdirilən
meyvə-tərəvəzlərdə suyun miqdarı çox ola bilər. Bununla yanaşı, onların ətri,
dad zənginliyi, təbii şirinlik və turşuluq balansı zəif hiss edilə bilər.
Məhsulların saxlanma müddəti də onların keyfiyyətinə təsir göstərir. Təbii
şəraitdə yetişdirilən meyvə-tərəvəzlər müəyyən müddətdən sonra təbii şəkildə
dəyişir və xarab olmağa başlayır. Bəzi məhsullar isə kimyəvi qoruyucu
maddələrin təsiri ilə uzun müddət xarici görünüşünü saxlasa da, bu, onların
qida dəyərinin də eyni səviyyədə qalması demək deyil.
Emal olunmuş qidaları alarkən məhsulun tərkibinə, tam taxıl və
vitamin-mineral zənginləşdirilməsi barədə məlumatlara, həmçinin orqanik
sertifikatların mövcudluğuna diqqət yetirmək lazımdır. Əlavə şəkərin və
sintetik əlavələrin miqdarını yoxlamaq da vacibdir. Bəzi hallarda məhsulların
vitamin və minerallarla zənginləşdirilməsi barədə yanlış və ya aldadıcı
məlumatlar təqdim edilə bilər.
Bu sahədə müvafiq qurumlar tərəfindən də tədbirlər görülməlidir. Bərpaedici
kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi, milli və beynəlxalq
standartların tətbiqi, elmi tədqiqatların dəstəklənməsi, istehsalçıların və
istehlakçıların maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Mövsümi və yerli meyvə-tərəvəzlərə üstünlük vermək də qida dəyərini qorumağa
kömək edən üsullardan biridir. Məhsulların öz mövsümündə istehlak edilməsi daha
məqsədəuyğundur. Eyni zamanda, orqanik məhsulların və heyvandarlıq
məhsullarının sertifikatlı olmasına diqqət yetirilməli, onların keyfiyyəti
barədə məlumatlar müvafiq sənədlərlə yoxlanılmalıdır”.
Məhəbbət Tərlanoğlu
19:30 04.11.2026
Oxunuş sayı: 55