“İsmayıl məqamı” sənədli filminin təqdimat mərasimi keçirilib
Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin həyat və döyüş yolundan bəhs edən “İsmayıl məqamı” sənədli filminin təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, ssenari müəllifi və quruluşçu rejissoru Səməd Mehriban Ağayev olan filmin təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Azay Quliyev belə bir filmin ərsəyə gəlməsini müsbət qiymətləndirib:
“Biz çox böyük tarixi hadisələrin ildönümü ərəfəsində bir araya gəlmişik. Bu gün bizim başımız dikdir, biz başıdik ölkənin övladlarıyıq. İsmayıl Kərimli və bütün şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaqlar”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
O bildirib ki, filmi bütün şəhidlərimizin xatirəsinə həsr etmək olar: “Şəhid İsmayıl Kərimlinin böyük həyat yolu bu gün təqdim olunan filmdə göstəriləcək. Vətən uğrunda həyatını itirən bütün şəhidlərimizin xatirəsi bizim üçün əzizdir”.
Qeyd edək ki, filmin baş prodüseri Ceyhun Kərimov, quruluşçu operatoru Toğrul Qəhrəmanlı, montaj rejissoru Mirvüqar Abdulov, bəstəkarı isə Vüqar Məmmədzadədir.
Qeyd edək ki, İsmayıl Kərimli 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub. O, 2020-ci Vətən müharibəsində noyabrın 4-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman ağır yaralanaraq şəhid olub.(APA)
20:22 04.11.2026
Oxunuş sayı: 83