Rusiya “Tramp yolu”dan pay almaq istəyir
Cənubi Qafqazda regional əməkdaşlıq və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində müzakirələr davam edir. Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına görə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın təmsil olunduğu “3+3” formatının növbəti görüşü yaxın vaxtlarda keçirilə bilər. Tərəflərin ortaq gündəliyin irəli aparılması ilə bağlı razılığa gəlməsi bu platformanın regional proseslərdəki rolunu yenidən gündəmə gətirir. Xüsusilə regionda kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də təhlükəsizlik məsələləri müzakirələrin əsas istiqamətləri ola bilər. Bəs qarşıdakı görüşdə hansı məsələlər ön plana çıxacaq və “3+3” formatı Cənubi Qafqazda mövcud geosiyasi proseslərə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı ReAl Partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında qeyd edib ki, 3+3 formatı çərçivəsində əsas müzakirə mövzularından biri regionda kommunikasiyaların açılması və nəqliyyat əlaqələrinin bərpasıdır: “Bu format bütün regional dövlətlərin kommunikasiyalarının açılmasını və qarşılıqlı əlaqələrin inkişafını nəzərdə tutur. Son zamanlar Rusiyanın Tramp yolu ilə bağlı daha fəal mövqe nümayiş etdirməsi də diqqət çəkir. Düşünürəm ki, bu aktivlik müəyyən mənada ABŞ-də keçiriləcək aralıq seçkiləri, xüsusilə də Senat uğrunda mübarizə ilə əlaqəli ola bilər. Respublikaçıların seçkilərdə məğlub olması və ya mövqelərini itirməsi Rusiyanın regionda daha da fəallaşmasına səbəb ola bilər. Moskva bu ehtimalı əvvəlcədən nəzərə alaraq, indidən müəyyən addımlar atmağa çalışır. Görünür, Rusiya Tramp yolu layihəsində də iştirak etmək, bu marşrutdan müəyyən pay əldə etmək və beləliklə, regionda formalaşacaq yeni kommunikasiya sistemində öz mövqeyini qorumaq niyyətindədir”.
Ayhan
19:28 05.11.2026
Oxunuş sayı: 61