Televiziyadan ailələrə uzanan təhlükə - Nəzarətə götürülməlidir
Bu gün televiziya və rəqəmsal platformalar vasitəsilə insanların həyatına
daxil olan teleseriallar sadəcə asudə vaxtın keçirilməsi üçün nəzərdə tutulan
əyləncə vasitəsi deyil. Onlar bəzən insanların düşüncələrinə, davranışlarına,
münasibətlərinə və hətta ailə həyatından gözləntilərinə təsir göstərən sosial
faktora çevrilir. Xüsusilə türk və Azərbaycan seriallarında sevgi
münasibətləri, xəyanət, qısqanclıq, ailədaxili münaqişələr, maddi problemlər və
boşanma mövzuları geniş yer tutur. Bir çox ekran əsərində xəyanət adi münasibət
böhranı kimi təqdim edilir, ailə daxilindəki problemlər isə dialoq və
qarşılıqlı anlaşma ilə deyil, mübahisə, ayrılıq və qarşıdurma ilə həll olunur.
Digər tərəfdən, seriallarda nümayiş etdirilən həyat tərzi, dəbdəbəli evlər,
bahalı avtomobillər, ideal münasibətlər və yüksək maddi imkanlar tamaşaçıların
reallıqdan gözləntilərini də dəyişə bilər. İnsan ekranda gördüyü həyatla öz
gündəlik yaşamını müqayisə etməyə, həyat yoldaşından da həmin münasibəti,
diqqəti və imkanları gözləməyə başlaya bilər. Bu müqayisə isə bəzi hallarda
narazılıq, məyusluq və ailədaxili gərginliyi artıra bilər.
Əlbəttə, boşanmaların səbəbini yalnız teleseriallarda axtarmaq doğru olmaz.
Maddi çətinliklər, qarşılıqlı anlaşılmazlıq, xəyanət, zorakılıq,
məsuliyyətsizlik və digər sosial-psixoloji amillər ailələrin dağılmasında daha
ciddi rol oynaya bilər.
Bəlkə də məsələ serialların insanları boşanmağa sövq etməsində deyil, onların ailə, sevgi və evlilik haqqında təsəvvürlərinə müəyyən istiqamətdə təsir göstərməsindədir.

Sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, təkcə
seriallar deyil, sosial şəbəkələrdə influenserlərin, bloqerlərin və ödənişli
reklamlar vasitəsilə yayılan mesajların, çağırışların da insanlara təsiri
böyükdür:
“Eləcə də seriallarda yer alan subliminal mesajlar və gizli çağırışlar
tamaşaçıya, oxucuya yönləndirici təsir göstərir. İnsanlar bəzən fərqinə
varmadan gördüklərini təqlid etməyə başlayır, həmin davranışları öz həyat
tərzinə çevirmək istəyirlər.
Lakin unudurlar ki, bu, məsələnin yalnız görünən tərəfidir. Əsl reallığın
isə görünməyən tərəfi də var. Tamaşaçı və ya oxucu çox vaxt bunun fərqində
olmur və bir müddət sonra özünü həmin filmin, serialın, yaxud influenserin və
bloqerin çağırışlarının təsiri altına düşmüş vəziyyətdə görür.
Bunun qarşısını almaq üçün insanlarda tənqidi təfəkkür formalaşmalıdır.
Oxucu və tamaşaçı qarşılaşdığı hadisəyə, obraza və ya qəhrəmana tənqidi
yanaşmağı bacarmalı, onun mahiyyətini qiymətləndirməlidir. Obrazın arxasında
hansı ideyanın dayandığını, mesajın hansı mənbədən gəldiyini və hansı məqsədə
xidmət etdiyini anlamalıdır”.
Sosioloq qeyd edib ki, bəzən Qərbin güc mərkəzləri Azərbaycan kimi ölkələrdə
ənənəvi cəmiyyət dəyərlərinin dəyişdirilməsi üçün seriallardan, filmlərdən,
influenser və bloqerlərdən, eləcə də digər informasiya vasitələrindən istifadə
edirlər:
“Cəmiyyətin belə dəyişikliklərə birbaşa çağırışlar formasında ictimai etiraz
göstərə biləcəyini nəzərə alaraq, bu məqsədlə sosial çərçivələmə (social
framing) kimi təsir alətlərindən yararlanılır. Bəzən də bu üsulla Overton
pəncərəsi tətbiq edilərək müəyyən ideyalar tədricən cəmiyyət üçün qəbulolunan
hala gətirilməyə çalışılır.
Məsələn, hansısa fikir və ya ideyanı açıq şəkildə ifadə etmək əvəzinə, onu
başqa ad, məzmun və kontekst altında filmlər, seriallar, influenser və
bloqerlərin çağırışları vasitəsilə cəmiyyətə təqdim edirlər. Beləliklə, məqsəd
cəmiyyətin sosial xarakterinə, ənənələrinə, milli və yerli kimliyinə təsir
göstərmək olur. Bu kimi məqamları Azərbaycan cəmiyyətində də nəzərə almalıyıq.
Ona görə də belə paylaşımlara və çağırışlara qarşı müəyyən süzgəc mexanizmlərinin
tətbiqi, zərərli hesab edilən məzmunun təsirinin qarşısının alınması vacibdir.
Çünki ailə cəmiyyətin və dövlətin əsas institutlarından biridir. Bu baxımdan,
belə məzmunlu paylaşımlara, eləcə də xarici serial və filmlərin ölkəyə idxalına
həssas yanaşmaq lazımdır. Hər bir məzmunun cəmiyyətin dəyərlərinə necə təsir
göstərə biləcəyini diqqətlə qiymətləndirməliyik”.
Məhəbbət Tərlanoğlu
17:30 05.11.2026
Oxunuş sayı: 58