Nikah bitir, əmlak mübahisəsi başlayır: Kim nəyə sahibdir?
Ailə münasibətlərinin pozulması yalnız emosional və mənəvi ayrılıqla
nəticələnmir, bir çox hallarda tərəflər arasında ciddi maddi mübahisələr də
yaradır. Boşanma prosesində aliment, uşağın kiminlə qalması və birgə əldə
edilmiş əmlakın bölüşdürülməsi əsas mübahisə predmetlərinə çevrilir. Bəzən
tərəflərdən biri nikahın pozulmasında maraqlı olsa da, digər tərəf əmlak
bölgüsü və aliment məsələlərini gündəmə gətirir. Hətta bəzi hallarda maddi
maraqların ailədaxili münasibətlərin pozulmasına təsir göstərdiyi barədə
iddialar da səsləndirilir.
Digər tərəfdən, qanunvericilikdə ər-arvadın ümumi əmlakı ilə şəxsi əmlakı
arasında fərq qoyulur. Nikahdan əvvəl əldə edilən, hədiyyə və ya vərəsəlik yolu
ilə alınan əmlakın hüquqi statusu fərqli ola bilər. Həmçinin tərəflər nikah
müqaviləsi bağlamaqla əmlak münasibətlərini əvvəlcədən müəyyən edə bilərlər.
Bəzi hallarda isə ər-arvad əmlak bölgüsü aparmadan boşanmağa razılaşa, yaxud bu
məsələni sonrakı dövrə saxlaya bilərlər.
Beləliklə, boşanma zamanı əmlak bölgüsünün hansı hallarda zəruri olduğu, hansı əmlakların bölünmədiyi və tərəflərin hüquqlarının necə qorunduğu maraq doğurur.

Mövzu ilə bağlı hüquqşünas Vüsalə Əhmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, boşanma zamanı əmlakın kimin adına rəsmiləşmiş olması, onun hüquqi sahibinin də yalnız həmin şəxs olacağı anlamına gəlmir:
“Bu məsələdə əsas hüquqi meyar əmlakın hansı tarixdə, hansı vəsait hesabına
və hansı hüquqi əsasla əldə edilmiş olmasıdır. Azərbaycan Respublikası Ailə
Məcəlləsinin 32.1 və 32.2-ci maddələrinə əsasən, nikah müddətində ər-arvadın
ümumi gəlirləri hesabına əldə edilən daşınan və daşınmaz əmlak onların ümumi
birgə mülkiyyəti hesab edilir. Məsələn, tutaq ki, ev yalnız ərin adına
rəsmiləşdirilib lakin, nikah dövründə ümumi gəlirlə alınıbsa, arvadın da
əmlakdan pay almaq hüququ yaranır. Və ya, avtomobil yalnız arvadın adına
qeydiyyata alınmış olsa da, nikah dövründə ümumi vəsaitlə əldə edilibsə, ər də
pay tələb edə bilər. Bu baxımdan, əmlakın dövlət qeydiyyatında kimin adına
göstərilmiş olması həlledici meyar deyil. Ərin və ya arvadın işləməməsi, ev
təsərrüfatı ilə məşğul olması və ya uşaqlara qulluq etməsi onun ümumi əmlak
üzərində hüququnu aradan qaldırmır.
Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, yalnız ər-arvadın ayrıca
mülkiyyəti hesab edilən əmlak, bir qayda olaraq, boşanma zamanı bölünmür.
Məsələn, ər və ya arvadın rəsmi nikaha daxil olmazdan əvvəl əldə etdikləri
daşınan və ya daşınmaz əmlak onların şəxsi mülkiyyətidir. O cümlədən, nikah
dövründə ər-arvaddan birinə fərdi qaydada hədiyyə edilmiş əmlak, həmin şəxsin
şəxsi mülkiyyətidir. Həmçinin də, ər və ya arvad nikah dövründə
valideynlərindən, qohumlarından və ya digər şəxslərdən miras yolu ilə ev,
torpaq, avtomobil və ya pul əldə edibsə, bu əmlak onun ayrıca mülkiyyəti hesab
olunur. Məsələn, arvad atasından miras qalmış evi boşanma zamanı əri ilə
bölüşdürməyə borclu deyil. Burada yalnız bir məqama diqqət yetirmək lazımdır.
Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, əgər ər və ya arvadın nikahdan əvvəl
əldə etdiyi əmlakın dəyəri nikah dövründə xeyli artırılıbsa (məsələn, təmir,
yenidənqurma və s.), həmin əmlak birgə mülkiyyət hesab edilə bilər. Onu da qeyd
edim ki, sadəcə kosmetik təmir, mebel alınması və ya gündəlik qulluq kimi
yüngül işlər avtomatik olaraq digər tərəfə mülkiyyət hüququ vermir. Yəni,
əmlakın birgə mülkiyyət hesab edilməsi üçün sadəcə təmir faktı kifayət etmir.
Dəyərin əhəmiyyətli dərəcədə artması sübut edilməlidir”.
Hüquqşünas qeyd edib ki, ər-arvad əmlak bölgüsü barədə ümumiyyətlə mübahisə
qaldırmadan da boşana bilərlər:
“Bu onların insiyativində olan məsələdir. Həmçinin, tərəflər hansı əmlakın
ər-arvadın birgə mülkiyyəti, hansının isə ayrıca mülkiyyət olacağını əvvəlcədən
nikah müqaviləsi ilə də razılaşdıra bilərlər. Gələcəkdə alınacaq əmlakın hüquqi
rejimini də müqavilə ilə müəyyənləşdirmək mümkündür. O cümlədən, valideynlərin
verdiyi vəsaitlə alınan əmlakın hüquqi statusunu da müqavilə ilə dəqiqləşdirmək
olar. Məsələn, valideynlərin maliyyə dəstəyi ilə alınan mənzilin hansı tərəfin
şəxsi mülkiyyəti olacağı müqavilədə göstərilə bilər. Bir məsələdə də diqqətli
olmaq lazımdır. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqdan
sonra ümumi əmlakın bölünməsi ilə bağlı tələblərə üçillik iddia müddəti tətbiq
olunur”.
Məhəbbət Tərlanoğlu
16:30 05.11.2026
Oxunuş sayı: 309