Türkiyə və Qətər müdafiə sənayesində əməkdaşlığı genişləndirir
Türkiyə və Qətər müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və texnoloji imkanların artırılması istiqamətində yeni addımları müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsi bu barədə məlumat yayıb.
Məlumata görə, idarənin rəhbəri Haluk Görgün Qətərin Baş nazirinin müavini və müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Suud Al Sani ilə görüşüb.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi tərəfdaşlığının inkişafı, yeni birgə layihələrin reallaşdırılması, texnologiya və istehsal imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Bildirilib ki, görüş Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında imzalanmış “Bədr” müdafiə sənayesi üzrə anlaşma memorandumundan sonra baş tutub.
Sözügedən memorandum müdafiə texnologiyalarının inkişaf etdirilməsini, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin genişləndirilməsini, eləcə də texniki əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Haluk Görgün bildirib ki, tərəflər birgə layihələr vasitəsilə ölkələrinin texnoloji və istehsal imkanlarını gücləndirməyi, müdafiə sənayesi sahəsində tərəfdaşlığı daha da dərinləşdirməyi hədəfləyirlər.
17:08 05.11.2026
Oxunuş sayı: 60