Rusiya Ukraynanın dron taktikasını təkrarlamağa başlayıb
Rusiya ordusu Ukrayna qüvvələrinin daha əvvəl istifadə etdiyi taktikanı tətbiq edərək yüksək gərginlikli elektrik xətlərində FPV tipli hücum dronları yerləşdirməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidentinin müdafiə texnologiyaları üzrə müşaviri Sergey Beskrestnov bu barədə “Telegram” kanalında məlumat yayıb.
“Fleş” ləqəbi ilə tanınan Beskrestnov bildirib ki, Rusiya hərbçiləri Ukraynanın təcrübəsini mənimsəyərək pusqu məqsədilə istifadə olunan dronları elektrik xətlərində yerləşdirirlər.
Məlumata görə, bu pilotsuz uçuş aparatları hərəkətsiz vəziyyətdə uzun müddət gözləyə, yaxınlıqda hərbi texnika və ya şəxsi heyət göründükdə isə hücuma keçə bilir.
Belə dronlar mühərrikləri işləmədiyi müddətdə daha az səs çıxarır və aşkarlanması çətinləşir. Ukrayna mənbələrinin məlumatına əsasən, bəzi qurğular 24 saatdan artıq gözləmə vəziyyətində qala bilir.
Beskrestnov yeni taktikanın Ukrayna hərbçiləri üçün əlavə təhlükə yaratdığını vurğulayıb.
Məsələ ilə bağlı videogörüntülər də yayımlanıb. Bununla belə, Rusiya ordusunun bu taktikadan hansı miqyasda istifadə etdiyi müstəqil şəkildə təsdiqlənməyib.
16:32 05.11.2026
Oxunuş sayı: 74