Parisdə Eyfel qülləsi bağlanIb
Fransanın paytaxtı Parisdə ölkəboyu keçirilən kütləvi tətil səbəbindən Eyfel qülləsi noyabrın 5-də ziyarətçilər üçün bağlanıb.
Crossmedia.az xəbər verir ki, Eyfel qülləsinin rəsmi saytında bu barədə məlumat yayımlanıb.
Açıqlamada bildirilir ki, ümummilli tətil səbəbindən turizm obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb.
“Ümummilli tətil səbəbindən Eyfel qülləsi bu gün bağlıdır. Elektron bileti olan ziyarətçilərə elektron poçtlarını yoxlamaq tövsiyə olunur. Yaranmış narahatlığa görə üzr istəyirik”, – deyə məlumatda qeyd edilib.
Noyabrın 5-də Fransada həmkarlar ittifaqlarının təşkilatçılığı ilə genişmiqyaslı tətil və etiraz aksiyaları keçirilir. İştirakçılar əməkhaqlarının artırılmasını, yaşayış xərclərinin azaldılması istiqamətində tədbirlər görülməsini və dövlət xərclərinin əlavə ixtisarından imtina edilməsini tələb edirlər.
Etirazlara tələbə birlikləri və məktəblilər də qoşulublar. Onlar təhsil müəssisələrində müəllim çatışmazlığının aradan qaldırılmasını, məktəblərin şəraitinin yaxşılaşdırılmasını və dərs yükünün azaldılmasını istəyirlər.
Fransa hakimiyyətinin ilkin hesablamalarına görə, ölkə üzrə nümayişlərə yüz minlərlə insanın qatılması gözlənilir.
Etirazlarla əlaqədar ictimai asayişin qorunması üçün ölkə üzrə 70 min polis və jandarm əməkdaşı səfərbər edilib
18:10 05.11.2026
Oxunuş sayı: 72