Deputat: “ASAN xidmət” bu gün öz təcrübəsini dünyanın 50-dən çox ölkəsi ilə bölüşür
BMT-nin innovativ dövlət xidmətlərinin inkişafına və Dayanıqlı İnkişaf Məqsədlərinin 16-cısına töhfəsinə görə Azərbaycana xüsusi sertifikat təqdim etməsi “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə diqqət çəkən təcrübə olduğunu bir daha gündəmə gətirib. Prezident İlham Əliyev də vurğulayıb ki, “ASAN xidmət” artıq Azərbaycanın milli brendinə çevrilib. Bəs bu modelin uğurunun əsas səbəbləri nələrdir, onun dövlət-vətəndaş münasibətlərinə təsiri necə qiymətləndirilir və Azərbaycan təcrübəsi digər ölkələr üçün nümunə ola bilərmi? Dünya “ASAN xidmət” modelindən hansı təcrübələri mənimsəyə bilər?
Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və onun dəstəyi ilə fəaliyyətini davam etdirən “ASAN xidmət” bu gün öz təcrübəsini dünyanın 50-dən çox ölkəsi ilə bölüşür: "Digər dövlətlər, o cümlədən inkişaf etmiş ölkələr də Azərbaycanın bu təcrübəsinə böyük maraq göstərirlər. “ASAN xidmət” vətəndaşların dövlət xidmətlərini qısa müddətdə, rahat və asan şəkildə əldə etməsi baxımından çox uğurlu bir nümunədir. Digər ölkələr Azərbaycanın “ASAN xidmət” təcrübəsinin unikal olduğunu qəbul edirlər. Respublikanın bütün bölgələrində “ASAN xidmət” mərkəzləri yaradılıb. Gənclər böyük həvəslə bu mərkəzlərdə işləməyə can atırlar. “ASAN xidmət” könüllüləri isə mərkəzlərə müraciət edən vətəndaşların ehtiyaclarını müəyyənləşdirərək onlara lazımi xidmətləri əldə etməkdə kömək edirlər".
Ayhan
19:00 05.11.2026
Oxunuş sayı: 66