Deputat: “Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var"
Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılır. Noyabrın 5-də Ukraynanın Ujqrod şəhərində Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası və biznes forumun keçirilməsi iki ölkə arasında mövcud əlaqələrin yeni istiqamətlər üzrə inkişafı baxımından diqqət çəkir. Xüsusilə Ukraynada müharibə başlayandan sonra Komissiyanın iclasının ilk dəfə bu ölkədə keçirilməsi görüşə əlavə əhəmiyyət qazandırır. Energetika, kənd təsərrüfatı, sənaye, ticarət və investisiya sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi, eləcə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması gözlənilir. Bəs bu görüş Azərbaycan-Ukrayna münasibətlərinə hansı töhfəni verə bilər və mövcud geosiyasi şəraitdə iqtisadi əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün hansı perspektivlər açır?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan və Ukrayna arasında Hökumətlərarası Komissiyanın iclasının və biznes forumunun keçirilməsi ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycan və Ukrayna dostluq münasibətlərinə və strateji tərəfdaşlığa malik ölkələrdir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi iqtisadi və ticarət əməkdaşlığının da inkişafı üçün əlverişli zəmin yaradır. Bu baxımdan hökumətlərarası komissiyanın fəaliyyəti mövcud iqtisadi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Biznes forumun əsas üstünlüyü ondan ibarətdir ki, burada hər iki ölkənin iş adamları, sahibkarları və biznes nümayəndələri birbaşa təmas qurmaq, öz məhsul və xidmətlərini təqdim etmək, investisiya imkanlarını müzakirə etmək və yeni tərəfdaşlıqlar yaratmaq imkanı əldə edirlər. Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Xüsusilə kənd təsərrüfatı, ərzaq təminatı, sənaye, tikinti, enerji, nəqliyyat-logistika və ticarət sahələrində qarşılıqlı əməkdaşlıq imkanları var. Eyni zamanda, Azərbaycanın tranzit və logistika imkanları Ukrayna ilə digər regionlar arasında iqtisadi əlaqələrin inkişafına da töhfə verə bilər”.
Deputat qeyd edib ki, Ujqrod şəhərində keçiriləcək bu görüşlərin əsas nəticəsi siyasi münasibətlərdə mövcud olan müsbət dinamikanın konkret iqtisadi layihələrə çevrilməsi olmalıdır: “Bunun üçün biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı investisiyaların təşviqi və sahibkarlar üçün əlverişli əməkdaşlıq mühitinin formalaşdırılması vacibdir. Ümumilikdə, Azərbaycan-Ukrayna biznes forumu ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın yeni imkanlarını üzə çıxarmaq, ticarət dövriyyəsini genişləndirmək və qarşılıqlı investisiya layihələrini təşviq etmək baxımından əhəmiyyətli platformadır. İnanıram ki, bu cür görüşlər Azərbaycan və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi məzmununu daha da zənginləşdirəcək”.
Ayhan
19:48 05.11.2026
Oxunuş sayı: 132