Parisdə etiraz aksiyası toqquşmalarla nəticələnib: Polis gözyaşardıcı qazdan istifadə edib
Fransanın paytaxtı Parisdə qiymət artımına qarşı keçirilən etiraz aksiyası polislə nümayişçilər arasında qarşıdurmaya çevrilib.
Crossmedia.az xəbər verir ki, aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıb, polis isə buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.
Məlumata görə, üzləri bağlı, tünd geyimli bir qrup şəxs polisləri təhqir etməyə və onlara daş atmağa başlayıb. Bunun ardınca hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz tətbiq ediblər. Daha sonra qalxan və dəyənəklərlə təchiz olunmuş polis əməkdaşları asayişi pozan şəxsləri ərazidən uzaqlaşdırıblar. Bundan sonra yürüş davam edib.
Nümayişçilərin ilk qrupları artıq yürüşün son nöqtəsi olan Nation meydanına çatsa da, aksiya iştirakçılarının bir hissəsi yürüşün başladığı Respublika meydanında qalıb. Paris Polis Prefekturası hələlik aksiyada iştirak edənlərin sayı ilə bağlı rəsmi məlumat açıqlamayıb.
“Le Parisien” nəşrinin məlumatına görə, Paris polisi aksiya rəsmi şəkildə başa çatdıqdan sonra ərazini tərk etməyən nümayişçilərin dağıdılması üçün ilk dəfə dronlardan istifadə etməyi planlaşdırır.
Dronlar infraqırmızı kameralar, stroboskoplar və səsgücləndiricilərlə təchiz olunub. Polis bu qurğular vasitəsilə insanları havadan meydanı tərk etməyə çağırmağın avtomobillərə quraşdırılan və ya yerdə yerləşdirilən ənənəvi səsgücləndiricilərdən daha effektiv olacağını düşünür.
Yeni pilotsuz uçuş aparatlarının Nation meydanında istifadəsi nəzərdə tutulur.
20:15 05.11.2026
Oxunuş sayı: 60