Arıqlamaq istəyənlərə xəbərdarlıq: Fəsadları ağır ola bilər
Son illər artıq çəkidən xilas olmaq istəyənlər arasında zəifləmə iynələrinə
maraq xeyli artıb. Qısa müddətdə nəzərəçarpacaq nəticə vəd edən bu preparatlar
bir çox insan tərəfindən pəhriz və fiziki aktivliyə alternativ vasitə kimi
qəbul edilir. Xüsusilə sosial şəbəkələrdə sürətli arıqlama nəticələrinin
nümayiş etdirilməsi bu vasitələrə marağı daha da artırır. Lakin çəki itirmək
üçün istifadə olunan preparatların təsiri yalnız tərəzidəki rəqəmin azalması
ilə məhdudlaşmır. Sürətli arıqlama orqanizmdə müxtəlif dəyişikliklərə, o
cümlədən əzələ kütləsinin azalmasına, dərinin elastikliyini itirməsinə və üz
cizgilərinin dəyişməsinə səbəb ola bilər.
Son günlər zəifləmə iynələrinin istifadəsi ilə bağlı müzakirələrdə üz
nahiyəsində yaranan dəyişikliklər də diqqət çəkir. Mütəxəssislər sürətli çəki
itkisindən sonra yanaqların içəri çökməsi, gözaltı nahiyənin dərinləşməsi,
qırışların daha qabarıq görünməsi və dərinin sallanması kimi hallara diqqət
çəkirlər. Belə dəyişikliklər insanın olduğundan daha yaşlı görünməsinə səbəb
ola bilər. Bununla yanaşı, sürətli arıqlama zamanı əzələ itkisi və qidalanma
balansının pozulması da sağlamlıq baxımından narahatlıq doğurur.
Əsas məsələ isə bu preparatların həkim nəzarəti olmadan, yalnız estetik məqsədlə və qısa müddətdə arıqlamaq istəyi ilə istifadəsidir. Çünki hər bir insanın sağlamlıq vəziyyəti, çəki göstəriciləri və müalicəyə ehtiyacı fərqlidir. Piylənmə və diabetin müalicəsində istifadə olunan preparatların özbaşına qəbulu arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Crossmedia.az-a açıqlamasında dietoloq
Ləman Süleymanova bildirib ki, arıqlama iynələri, təəssüf ki, hazırda bəzi
endokrinoloqların fəaliyyətində kommersiya maraqlarının ön plana keçdiyi bir
sahəyə çevrilib:
“Eyni zamanda, dietologiya sahəsində də bu preparatların geniş yayılması
müəyyən problemlər yaradır. Bəs arıqlama iynələrinə tələbat niyə bu qədər
sürətlə artır? Çünki arıqlama bazarında dərmanlar, kofein tərkibli vasitələr və
müxtəlif zərərli məhsullar üzərindən böyük gəlir əldə edilir.
Sosial şəbəkələrdə tibbi təhsili və müvafiq təcrübəsi olmayan, özünü
dietoloq kimi təqdim edən şəxslər də bu satış prosesində iştirak edirlər. Hətta
bəzi hallarda satışı qadağan edilmiş, sertifikatı olmayan preparatlar belə
insanlara təklif olunur. Arıqlama kokteylləri, çayları və qəhvələri də bu
bazarın bir hissəsidir. Həmin məhsulların tərkibində sağlamlıq üçün təhlükəli
maddələr ola bilər. Lakin arıqlama iynələri daha ciddi narahatlıq doğurur.
Təəssüf ki, bu preparatlar bəzi hallarda endokrinoloqların fəaliyyəti ilə
əlaqəli kommersiya bazarına da çevrilib.
Bu vasitələrin qaraciyərə və mədəaltı vəziyə ciddi zərər vurduğu, xərçəngə
səbəb olduğu iddia edilir. Xüsusilə ailəsində süd vəzi xərçəngi ilə bağlı
genetik meyillilik olan qadınlar üçün təhlükəli nəticələr yarada biləcəyi
bildirilir. Bu preparatların xoşxassəli xəstəliklərə və digər sağlamlıq
problemlərinə də ciddi təsir göstərə biləcəyi vurğulanır. Ümumilikdə, məsələ
insan həyatı üçün risk yarada biləcək qədər ciddidir.
Arıqlama iynələrinin bəzi endokrinoloqlar tərəfindən tövsiyə edilməsinin
səbəblərindən biri də kommersiya maraqlarıdır. Hazırda Türkiyə, Rusiya və
Azərbaycanda bu preparatların satışı ətrafında böyük, o cümlədən qeyri-rəsmi
bazar formalaşıb.
Əsl həkimlərin bu cür vasitələri hər kəsə tövsiyə etməsi düzgün deyil.
Tanıdığım, peşəkar fəaliyyətinə bələd olduğum bəzi endokrinoloqlar var ki,
ümumiyyətlə, bu şirkətlərlə əməkdaşlıq etmirlər. Lakin təəssüf ki, bir çox
həkim bu preparatları pasiyentlərə məsləhət görür.
Bu yaxınlarda mənə müraciət edən pasiyentlərdən biri də endokrinoloqun
təyinatı ilə arıqlama iynəsindən istifadə etmişdi. Həmin qadında ciddi
sağlamlıq problemləri müşahidə olunurdu. Ən çox narahatlıq doğuran məqamlardan
biri isə reproduktiv sağlamlıqla bağlı risklərdir. Xüsusilə ailə qurmaq və
gələcəkdə ana olmaq istəyən gənc qadınlar bu məsələyə diqqətlə yanaşmalıdırlar.
İddia olunur ki, belə preparatlar yumurtalıqların fəaliyyətinə mənfi təsir
göstərə bilər. Kişilərdə isə cinsi zəiflik kimi problemlərin yaranması ehtimalı
da qeyd olunur”.
Dietoloq vurğulayıb ki, arıqlama zamanı bir neçə kiloqram çəki itirilsə də,
sonradan çəkinin yenidən artması mümkündür:
“Sürətli çəki itkisi dərinin strukturuna da təsir edə bilər. Dərinin
elastikliyini təmin edən kollagen və elastin liflərinin vəziyyəti, eləcə də
vitamin və mineral balansı pozulduqda dəri sallana və vaxtından əvvəl qocalmış
görünə bilər. Daxili orqanlara mümkün təsirləri də nəzərə almaq lazımdır.
Ona görə də mən bu cür vasitələrin istifadəsini məsləhət görmürəm. İnsanlar
ilk növbədə sağlamlıq vəziyyətlərini araşdırmalı və mütəxəssisə müraciət
etməlidirlər. Pasiyent müraciət etdikdə əvvəlcə piylənmənin səbəbini
müəyyənləşdirmək lazımdır. Bəlkə həmin şəxsdə Haşimoto xəstəliyi və ya başqa
hormonal problem var? Belə hallarda səbəbi araşdırmadan arıqlama iynəsindən
istifadə etmək ciddi fəsadlara yol aça bilər.
Mən jurnalistlərlə müsahibələrimdə də dəfələrlə vurğulamışam ki, bu məsələyə
çox ciddi yanaşmaq lazımdır. Bəzən materiallarda arıqlama iynələrinin yalnız
müəyyən xəstələrə uyğun olmadığı qeyd edilir. Halbuki mənim mövqeyim daha
sərtdir: bu vasitələr sağlam insanlara da tövsiyə edilməməlidir”.
Məhəbbət Tərlanoğlu
20:50 05.11.2026
Oxunuş sayı: 71