Türkiyəli professor: Pulun və ticarətin dini, milliyyəti yoxdur
Ermənistan və Türkiyə arasında münasibətlərdə yeni mərhələnin başlandığı müşahidə olunur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın parlamentdəki açıqlamasına görə, iki ölkə arasında qarşılıqlı ticarət əməliyyatları artıq birbaşa gömrük prosedurları əsasında həyata keçirilməyə başlanıb. Əvvəllər bu əməliyyatlar texniki baxımdan üçüncü ölkələr üzərindən aparılsa da, malların fiziki daşınması hələ də əsasən Gürcüstan ərazisindən reallaşdırılır. Mirzoyan Ankara ilə İrəvan arasındakı münasibətləri “aktiv və səmərəli” kimi xarakterizə edərək, təhsil, tarixi abidələrin bərpası və biznes sahələrində əməkdaşlığın inkişaf etdiyini bildirib. O, həmçinin növbəti Ermənistan-Türkiyə İş Forumunun 2027-ci ilin əvvəlində Ermənistanda keçirilə biləcəyini qeyd edib. Bütün bunlar fonunda iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinin və sərhədin açılması istiqamətində mümkün addımların Cənubi Qafqazın iqtisadi və siyasi mənzərəsinə, eləcə də Azərbaycanın maraqlarına necə təsir göstərəcəyi sual doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən türkiyəli iqtisadçı, professor Cem Işık qeyd edib ki, sərhədin açılması və ticarət əlaqələrinin inkişafı region üçün mühüm iqtisadi imkanlar yarada bilər: “Pulun və ticarətin dini, milliyyəti yoxdur; zənginlik və rifah hər bir cəmiyyətin arzuladığı dəyərlərdir. Bu prosesi Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri çərçivəsində də qiymətləndirmək lazımdır. Güclü və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, qeyri-neft sektorunun inkişafı, ixracın artırılması, yeni nəqliyyat və logistika dəhlizlərinin yaradılması həmin hədəflərin mühüm tərkib hissələridir”.

Professor qeyd edib ki, regionda
ticarətin inkişafı Azərbaycanın tranzit daşımaları, logistika, investisiya və
yeni bazarlara çıxış imkanlarını da genişləndirə bilər: “Əsas məsələ bu
iqtisadi imkanlardan Azərbaycanın milli maraqları, təhlükəsizliyi və
suverenliyi qorunmaqla yararlanmaqdır. Nəticə etibarilə, söhbət təkcə sərhədlərin
açılmasından getmir. Əsas məqsəd Cənubi Qafqazın münaqişə zonasından rifah,
ticarət və əməkdaşlıq mərkəzinə çevrilməsidir”.
Ayhan
16:00 05.11.2026
Oxunuş sayı: 101