Ermənistan “dərin sularda üzür”: Moskva İrəvanı necə cəzalandıracaq?
Ermənistanla Rusiya arasında münasibətlər son dövrlər siyasi, hərbi və diplomatik müstəvidə artan gərginliklə müşayiət olunur. İrəvanın Moskva ilə münasibətlərdə məsafə saxlamaq cəhdləri, Qərblə yaxınlaşma siyasəti və Rusiyanın Ermənistandakı hərbi mövcudluğu ətrafında yaranan müzakirələr ikitərəfli əlaqələrdə yeni reallıqlar formalaşdırır. Bu fonda Rusiyanın Gümrüdəki hərbi bazasının iki hərbçisinin insidentlə əlaqədar Ermənistanda həbs edilməsi diqqət çəkir. Hərbçilər Ukrayna vətəndaşını döyməkdə ittiham olunur və hazırda Ermənistanın cəzaçəkmə müəssisəsində saxlanılır.
Hadisə onsuz da gərgin olan Moskva-İrəvan münasibətlərinə necə təsir göstərə bilər? Bu, Ermənistanın Rusiya ilə münasibətlərdə daha müstəqil mövqe nümayiş etdirmək cəhdinin göstəricisidirmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Tofiq Abbasov qeyd edib ki, həqiqətən də, Ermənistanın siyasi rəhbərliyi, xüsusilə də Baş nazir Nikol Paşinyan Rusiyadan asılılığı minimuma endirmək, hətta gələcəkdə bu asılılığı tamamilə aradan qaldırmaq üçün ciddi səylər göstərir: “Lakin bu, kifayət qədər çətin məsələdir. Çünki Ermənistan iqtisadi baxımdan Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən, xüsusilə də Rusiyadan ciddi şəkildə asılıdır. Rusiyada yaşayan erməni əsilli vətəndaşların Ermənistana pul köçürmələri də ölkə iqtisadiyyatı üçün müəyyən mənada dəstək rolunu oynayır. Digər tərəfdən isə Rusiya Ermənistanın ixrac imkanlarını məhdudlaşdırır, bu sahədə müxtəlif problemlər yaradır. Ermənistan hazırda Türkiyə ilə münasibətləri bərpa etməyə də ciddi şəkildə çalışır. Bu istiqamət Avropa İttifaqının da maraqlarına uyğundur. Lakin Avropa İttifaqı indiki mərhələdə Ermənistana açıq şəkildə üzvlük perspektivi vəd etmir. Müxtəlif vədlər səsləndirilsə də, Ermənistan hələ də ciddi problemləri olan ölkə olaraq qalır. Avropa İttifaqı isə hazırkı şəraitdə bu problemlərin yaratdığı yükü öz üzərinə götürməyə tələsmir”.

Politoloq qeyd edib ki, digər tərəfdən, Ermənistan hələ Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməyib: “Parlament səviyyəsində ölkənin Avropa istiqamətində inteqrasiyasını nəzərdə tutan qanun qəbul edilsə də, bu, hələ rəsmi üzvlük müraciəti demək deyil. Avropa İttifaqı özünəməxsus oyun qaydaları müəyyənləşdirir. Məsələn, bəzi kənd təsərrüfatı və gülçülük məhsullarının Avropa bazarlarına çıxarılması, həmin bazarlarda Ermənistan üçün imkanların yaradılması istiqamətində müəyyən işlər görülür. Lakin bu, o demək deyil ki, Ermənistan həmin məhsulların ixracı hesabına mövcud iqtisadi problemlərini həll edə biləcək. Ümumiyyətlə, Ermənistan iqtisadiyyatında və sənayesində ağır və ciddi investisiya tələb edən sahələr var. Bunlara metallurgiya, dağ-mədən sənayesi, elektronika və digər istiqamətlər daxildir. Bu sahələrin inkişafı böyük həcmdə investisiya tələb edir. İnanmıram ki, hazırkı şəraitdə Avropa İttifaqının Ermənistana bu miqyasda investisiya yatırmaq imkanları kifayət qədər geniş olsun. Avropanın özünün də İttifaq daxilində çoxsaylı problemləri və zəif nöqtələri var. Hazırda onlar ilk növbədə daxili problemlərinin həllinə çalışırlar. Rusiyaya gəldikdə isə Ermənistanın son addımları müəyyən mənada Moskva üçün çağırış xarakteri daşıyır. Ermənistan iki nəfəri həbs etməklə siyasi baxımdan Rusiyaya göstərmək istəyir ki, artıq öz müstəqilliyini təmin etmək və Moskvadan asılılığı azaltmaq niyyətindədir. Lakin Rusiya hələlik bu addımlara sərt cavab verməyib. Görünür, Moskva gözləyir ki, Ermənistan öz ritorikasını və tələblərini müəyyən qədər tənzimləsin, daha ehtiyatlı mövqe nümayiş etdirsin. Bəziləri hesab edir ki, Rusiyanın bütün diqqəti Ukraynaya yönəldiyindən Ermənistanla bağlı proseslərə müdaxilə etmək imkanları məhduddur. Lakin bu fikirlər bir qədər şişirdilmiş yanaşmadır. Rusiya böyük dövlətdir və kifayət qədər geniş imkanlara malikdir. Əgər Moskva Ermənistanla bağlı xüsusi siyasi ssenari həyata keçirməyi, hətta deyərdim ki, eksklüziv siyasi oyun quraraq İrəvanı öz təsiri altına qaytarmağı qarşısına məqsəd qoyarsa, bunu reallaşdıra bilər. Bu, Rusiya üçün böyük problem deyil. Unutmayaq ki, Ermənistanın daxilində kifayət qədər rusiyapərəst qüvvələr mövcuddur. Lazım gələrsə, həmin qüvvələr hakimiyyətə daxildə ciddi problemlər yarada bilərlər”.
T.Abbasov qeyd edib ki, İrəvanın hazırda Rusiya istiqamətində atdığı addımlar daha mötədil və ölçülüb-biçilmiş olmalıdır: “Əgər Ermənistan kəskin, ziqzaqlı və aqressiv siyasət yürütməyə davam edərsə, Moskvanın kifayət qədər təsirli əks-addımları ilə üzləşə bilər. Belə bir vəziyyət yaranarsa, Avropa İttifaqının gəlib Ermənistanı müdafiə edəcəyinə də inanmıram. Digər tərəfdən, Avropa İttifaqı Türkiyə vasitəsilə Ermənistan üçün müəyyən alternativ iqtisadi və geosiyasi imkanlar yaratmağa çalışır. Məqsəd Ermənistanın Türkiyə üzərindən Avropa bazarlarına çıxışını təmin etmək və bununla da Rusiyaya alternativ istiqamət formalaşdırmaqdır. Lakin bu prosesin necə nəticələnəcəyini zaman göstərəcək. Hesab edirəm ki, söhbət kifayət qədər uzunmüddətli geosiyasi gedişdən gedir və onun qısa müddətdə həllini tapması real görünmür. Hər halda, Ermənistanın siyasi kursunda dəyişiklik prosesi davam edir. Psixoloji və siyasi baxımdan hazırda müəyyən üstünlüyün İrəvanın tərəfində olduğunu söyləmək mümkündür. Ancaq bu, Ermənistanın Rusiya ilə birbaşa qarşıdurmada dayanmasına və Moskvanın təzyiqlərinə tab gətirməsinə kifayət edəcək gücə malik olduğu anlamına gəlmir”.
Ayhan
16:30 10.11.2026
Oxunuş sayı: 87