Süni intellekt nəvəyə İkinci Dünya müharibəsində həlak olan babasını tanımağa kömək edib
Böyük Britaniyanın Somerset bölgəsində yaşayan Nik Soutvell süni intellektdən istifadə edərək 1942-ci ildə İkinci Dünya müharibəsində həlak olan babası Entoni Ceffreson Soutvell haqqında film hazırlayıb.
Crossmedia.az BBC-yə istinadən xəbər verir ki, 25 yaşında həyatını itirən pilotun nəvəsi ailə sənədləri, fotoşəkillər, uçuş jurnalı və sağ qalan ekipaj üzvünün məktubu əsasında onun son missiyasını canlandırıb.
Entoni Soutvell 1942-ci il avqustun 16-da Danimarka sahilləri yaxınlığında mina yerləşdirmə tapşırığı zamanı Almaniya təyyarəsinin hücumuna məruz qalıb. Təyyarədəki yeddi nəfərdən yalnız biri – Cek Rid sağ qalıb. O, sonradan Soutvellin həyat yoldaşına məktub yazaraq onu qəhrəman adlandırıb.
Nik bildirib ki, hazırladığı film babasının xatirəsini yaşatmaqla yanaşı, atasının da onunla daha yaxından tanış olmasına imkan yaradıb. Entoni Soutvellin oğlu Maks atasının ölümündən üç ay sonra dünyaya gəlib və onu heç vaxt görməyib.
Soutvellin məzarı təyyarəsinin qəzaya uğradığı əraziyə yaxın, Danimarkanın Esbyerq qəbiristanlığında yerləşir.
02:20 11.11.2026
Oxunuş sayı: 22