İsrailin El Halilə hücumları 3 300-dən çox fələstinlini evindən didərgin salıb
İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin cənubunda yerləşən El Halil şəhərinə oktyabrın 23-dən bəri tətbiq etdiyi mühasirə və hücumlar nəticəsində 3 300-dən çox fələstinli evini tərk etmək məcburiyyətində qalıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki,El Halil Bələdiyyəsinin açıqlamasına görə, hücumlar zamanı fələstinlilərə məxsus 15 ev dağıdılıb, 327 ticarət obyekti bağlanıb. Mühasirə və hücumların şəhər iqtisadiyyatına gündəlik zərəri təxminən 12 milyon şekel (3,8 milyon dollar) təşkil edir.
Hərbi əməliyyatlar nəticəsində təxminən 80 min fələstinli şagird təhsil imkanından məhrum olub. Hücumların əsasən əl-Celde və Ayn Deyr Bahha məhəllələrində intensivləşdiyi bildirilir.
İsrail ordusunun əməliyyatı oktyabrın 23-də şəhərin şimal-qərbindəki Ferş əl-Heva bölgəsində İsrail nəzarət məntəqəsinə silahlı hücumdan sonra başlayıb. Hadisə zamanı iki İsrail hərbçisi ölüb, üçü yaralanıb. Hücumu həyata keçirən iki fələstinli isə öldürülüb.
İsrail müdafiə naziri Yisrael Katz evlərindən çıxarılan təxminən 2 min fələstinlinin HƏMAS-ın infrastrukturunun məhv edilməsinə qədər geri qayıda bilməyəcəyini açıqlayıb.
El Halil Bələdiyyəsinin oktyabrın 27-də yaydığı məlumata görə isə hərbi əməliyyatlar nəticəsində 780 ailənin 4 969 üzvü evlərini tərk edib.
00:34 11.11.2026
Oxunuş sayı: 29