FIFA prezidenti Canni İnfantino ABŞ Konqresinin istintaqı çərçivəsində ifadəyə çağırıla bilər
FIFA prezidenti Canni İnfantino ABŞ Prezidenti Donald Trampla əlaqələri və təşkilatın fəaliyyəti ilə bağlı genişlənən araşdırma çərçivəsində Konqresin çağırış vərəqəsi ilə üzləşə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Nümayəndələr Palatasına nəzarəti ələ keçirməsi İnfantino ilə bağlı araşdırmanın genişlənməsinə zəmin yaradıb. Gözlənilir ki, Konqresin Nümayəndələr Palatasının Hüquq Komitəsinin yanvar ayında sədri ola biləcək demokrat Ceymi Raskin FIFA prezidentindən sənədlər və izahatlar tələb etmək səlahiyyətinə yiyələnəcək.
Komitə İnfantinonun Trampla və onun yaxın çevrəsi ilə əlaqələrini iyul ayından araşdırır. Raskin FIFA-dan təşkilatın Tramp, onun administrasiyası və “Trump Organization” şirkəti ilə təmaslarına dair sənədlər tələb edib. Lakin nəşrin məlumatına görə, tələb olunan materialların hamısı hələ təqdim edilməyib.
Araşdırma çərçivəsində İnfantinonun Mayamidəki evində işləyən miqrant qulluqçuya iş icazəsi alınmasına kömək göstərilməsi ilə bağlı iddialar da diqqət mərkəzindədir. Sənədlərdə həmin şəxsin “FIFA Americas”ın əməkhaqqı siyahısında yer aldığı bildirilib. FIFA isə hər hansı qanun pozuntusu iddialarını rədd edərək, məişət işçilərinin xərclərinin şəxsən İnfantino tərəfindən ödənildiyini açıqlayıb.
Nəşr həmçinin İnfantinonun ABŞ-də keçirilən dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerə məxsus şirkətə satmaq üçün gizli danışıqlar apardığını yazıb. Mənbələr Kuşner ailəsinin üzvlərinin də yanvar ayında ifadəyə çağırıla biləcəyini istisna etməyib. Hazırda Donald Trampın çağırılması gözlənilmir.
ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin üzvü Suhas Subramanyam isə FIFA prezidentinin Tramp və Kuşner ailəsi ilə əlaqələrinə görə araşdırmanın mövzusuna çevrilə biləcəyini bildirib.
FIFA açıqlamasında Konqres əməkdaşları ilə müzakirələrin davam etdiyini və təşkilatın sualları cavablandırmağa hazır olduğunu qeyd edib. Qurum hər hansı qanun pozuntusuna yol verildiyi iddialarını qəbul etməyib.
Qeyd edək ki, FIFA-nın baş hüquqşünası Emilio Qarsiya Silveronun səkkiz illik fəaliyyətdən sonra qurumu tərk etməsi də araşdırmanın yenidən gündəmə gəlməsindən bir neçə gün əvvəl baş verib.
22:13 10.11.2026
Oxunuş sayı: 42