Azərbaycanın yeni investisiya cazibəsi: Coğrafi mövqe, enerji və Zəngəzur amili
Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi ölkənin xarici investisiyalar üçün mövqeyini də gücləndirən əsas amillərdən birinə çevrilir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkə son illərdə dəmir yolları, limanlar, avtomobil yolları və logistika infrastrukturu istiqamətində iri layihələr həyata keçirib. 2026-cı ilin fevralında Prezident İlham Əliyev Azərbaycanın ərazisindən ötən il 100 mindən çox nəqliyyat vahidinin keçdiyini, perspektivdə bu göstəricinin 200-300 minə, uzunmüddətli hədəf kimi isə 500 minə çatdırılmasının nəzərdə tutulduğunu açıqlayıb.
Bu dinamika sentyabrın 25-də Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun gündəliyində də öz əksini tapıb. Forumda Orta Dəhlizin inkişafı, regional ticarət və investisiya əlaqələri, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi və Azərbaycanın qlobal dəyər zəncirlərinə inteqrasiyası müzakirə olunub. Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində qeyri-neft sektoruna artan xarici investisiyaların emal sənayesi, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrə inteqrasiyanı genişləndirdiyini bildirib.
İnvestorlar üçün yaradılan təşviq mexanizmlərinin miqyası da diqqət çəkir. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2026-cı il iyulun 1-dək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib. Bu layihələr çərçivəsində yerli istehsala 9,2 milyard manatdan çox investisiyanın yatırılması və 46 mindən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Sənədlərin 63,8 faizi sənaye, 32,9 faizi kənd təsərrüfatı, qalan hissəsi isə logistika və turizm layihələrinin payına düşür.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın xarici investorlar üçün cəlbediciliyinin bir neçə əsas səbəbi var:

"Bu səbəblər arasında Azərbaycanın coğrafi mövqeyi xüsusi yer tutur. Xüsusən “Orta dəhliz”in aktuallaşması və əhəmiyyətinin artması ölkənin investorlar üçün əhəmiyyətini artırır. Ermənistanla sülh müqaviləsi ərəfəsində olunması və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması perspektivi də bu cəlbediciliyi daha da gücləndirir.
Azərbaycanın enerji infrastrukturu da mühüm üstünlüklərdən biridir. Ölkə yalnız öz neft-qaz resurslarının ixracı istiqamətində deyil, Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən Qərbə çıxarılması üçün də zəruri infrastruktura malikdir. Güclü enerji və logistika imkanları xarici investorların diqqət yetirdiyi əsas məsələlərdəndir.
Yeni investisiyalar üçün yaradılan əlverişli mühit də bu amillərə əlavə olunur. Yatırılan investisiyalara 7 illik güzəştlərin tətbiqi investorlar üçün mühüm stimul yaradır. “İnvestisiya təşviqi sənədi”ni əldə edən layihələr həmin müddət ərzində ciddi vergi güzəştlərindən yararlana bilir.
Coğrafi mövqe, enerji infrastrukturu, tranzit imkanlarının genişlənməsi, alternativ enerjinin inkişafı və ixracı istiqamətində planlar, eləcə də güzəştlər sistemi Azərbaycanın investisiya cəlbediciliyini artıran əsas faktorlar sırasındadır.
Bununla yanaşı, rəqabət mühiti, şəffaflıq və məhkəmə müstəqilliyi istiqamətində inkişaf etdirilməli məsələlər də qalır. Bu sahələrdə irəliləyiş investisiya mühitinin daha da güclənməsinə imkan yarada bilər".
İqtisadçı Xalid Kərimli isəaçıqlamasında bildirib ki, Azərbaycanın xarici investorlar üçün cəlbediciliyində coğrafi mövqe ilə yanaşı, enerji və logistika imkanları da mühüm rol oynayır:

“Orta dəhlizin aktuallaşması Azərbaycanın coğrafi mövqeyini daha da əhəmiyyətli edir.
Bununla yanaşı, enerji infrastrukturu da ölkənin əsas üstünlüklərindən biridir. Azərbaycan həm öz neft-qaz resurslarını ixrac edir, həm də Mərkəzi Asiyanın enerji resurslarının ölkə üzərindən Qərbə çatdırılması üçün imkan yaradır.
Dövlətin yeni investisiyalar üçün yaratdığı güzəştlər sistemi də bu imkanları tamamlayır. İnvestisiya təşviqi sənədi sahibkarlara 7 il müddətində vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı verir. Hazırda bu mexanizm sənaye, yerli xammala əsaslanan istehsal, bərpaolunan enerji, logistika və digər strateji istiqamətlərdə layihələri əhatə edir.
Azərbaycanın investisiya mühitində müəyyən problemlər də mövcuddur. Rəqabət mühiti, şəffaflıq və məhkəmə müstəqilliyi məsələləri bu istiqamətdə inkişaf etdirilməli sahələr kimi nəzərdən keçirilir. Bu məsələlərin həlli ölkənin investisiya cəlbediciliyinin daha da artmasına şərait yarada bilər".
Zeynəb Həsən
20:00 26.09.2026
Oxunuş sayı: 59