İrlandiya millisi İsrail oyununa qara sarğı ilə çıxacaq
İrlandiya Respublikası millisi İsrailə qarşı Millətlər Liqası oyununda Qəzzadakı münaqişə nəticəsində həyatını itirənlərin xatirəsinə qara sarğı ilə meydana çıxacaq.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
İrlandiya Futbol Assosiasiyasının baş icraçı direktoru Devid Kourell komandanın bazar günü Macarıstanda keçiriləcək İsrailə qarşı oyuna çıxacağını təsdiqləyib. O, komanda daxilində keçirilən səsvermədə oyun keçirməyin lehinə “əhəmiyyətli çoxluğun” səs verdiyini bildirib.
Kourell həmçinin bir futbolçunun qarşıdakı matçdan əvvəl heyətdən çəkildiyini açıqlayıb.
İrlandiya yığmasının Debresendə keçiriləcək səfər oyununda qara sarğı taxmaq niyyətində olduğu bildirilib. Futbolçuların həm bu matçda, həm də gələn bazar günü Serbiyada keçiriləcək cavab qarşılaşmasında əlavə jestlər etməsi planlaşdırılır.
İki komandanın B3 qrupunda qarşılaşacağı məlum olduqdan sonra oyunlar ətrafında mübahisələr yaranıb. “Irish Sport for Palestine” təşkilatının keçirdiyi “Stop The Game” kampaniyası fonunda İrlandiya futbolçularına İsrailə qarşı oyunlardan imtina etmək çağırışları səsləndirilib.
Kourell bildirib ki, futbolçular bu oyunlar çərçivəsində media qarşısında öhdəliklərinin də dayandırılmasını istəyiblər.
Onun sözlərinə görə, oyunöncəsi mərasimin bəzi hissələrində İrlandiya Respublikası iştirak etməyəcək. Futbolçular həm İsrailə qarşı keçiriləcək hər iki oyundan, həm də cümə axşamı Dublində Avstriyaya qarşı “Aviva” stadionunda keçiriləcək matçdan əldə olunan qonorarlar hesabına xeyriyyə məqsədilə əhəmiyyətli məbləğdə ianə etməyi planlaşdırırlar.
21:53 26.09.2026
Oxunuş sayı: 55