KİV: ABŞ zərbələri nəticəsində Bəndər-Abbasda 30 balıqçı qayığı məhv olub
İranın cənubundakı Bəndər-Abbas şəhərində ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 30 balıqçı qayığının məhv edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi yerli balıqçılıq kooperativinə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 8-9-da Hörmüzqan əyalətinin sahil zolağına endirilən zərbələr zamanı ABŞ ordusuna məxsus olduğu bildirilən iki mərminin Bəndər-Abbas limanındakı körpüyə düşməsi nəticəsində ən azı 30 balıqçı qayığı sıradan çıxıb.
Xatırladaq ki, ABŞ hərbçiləri iyulun 8-9-da İrana qarşı bir sıra zərbələr endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bu əməliyyatların İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı fəaliyyətinə cavab olaraq həyata keçirildiyini bəyan edib.
İran tərəfi isə buna cavab olaraq ABŞ-nin Küveyt, Bəhreyn və İordaniyadakı hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb. Bu məlumatlar münaqişə tərəflərinin bəyanatlarına əsaslanır və müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
14:46 10.07.2026
Oxunuş sayı: 49