Türk dövlətləri vahid informasiya məkanı yaradır? TÜRKPA-da mühüm müzakirə
Oktyabrın 8-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının “TÜRKPA-ya üzv dövlətlərin ərazisində vahid informasiya məkanının yaradılması” mövzusuna həsr olunmuş videokonfrans formatında 13-cü iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər üzrə komissiyasının sədr müavini, Parlamentin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və komissiyanın üzvü, deputat Hikmət Məmmədov iştirak ediblər.
Günay Əfəndiyeva TÜRKPA-ya üzv dövlətlər arasında etibarlı məlumatların operativ mübadiləsinin və dezinformasiyaya qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayıb. O, vahid informasiya məkanının yaradılmasında mövcud resurslar arasında səmərəli qarşılıqlı əlaqənin təmin edilməsinin vacibliyini qeyd edib. Deputat süni intellekt, rəqəmsal jurnalistika və informasiya təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilməsinin zəruriliyini bildirib. Həmçinin milli qanunvericiliklərin xüsusiyyətləri nəzərə alınmaqla bu sahədə təcrübə mübadiləsinin inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Hikmət Məmmədov informasiya təhlükəsizliyinin təmin olunması və dezinformasiyadan qorunma məsələləri ilə bağlı fikirlərini bölüşüb. O, TÜRKPA-ya üzv dövlətlər arasında bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
İclasın sonunda komissiyanın əsas mövzusuna dair hesabat məruzəsinə və tövsiyə xarakterli qərarlara baxılıb. Həmçinin “Uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması haqqında” model qanun layihəsi və “İnklüziv təhsil haqqında” model qanunun hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
17:56 08.10.2026
Oxunuş sayı: 91