Biz Ermənistan hökümətindən real addım görmürük - Rəy
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması fonunda danışıqlar artıq yalnız siyasi məsələlərlə məhdudlaşmır, konkret infrastruktur layihələrinin texniki detallarına da keçir. Bunun son nümunəsi TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi ilə bağlı keçirilən görüşdür. Oktyabrın 8-də Ermənistanın Gorus şəhərində hər iki ölkənin müvafiq strukturlarının nümayəndələri bir araya gələrək elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri və işlərin irəli aparılması üçün atılmalı növbəti addımları müzakirə ediblər.
TRIPP — “Trump Route for International Peace and Prosperity” — Azərbaycanı Naxçıvanla Ermənistan ərazisindən keçməklə birləşdirəcək nəqliyyat bağlantısının inkişafını nəzərdə tutur. Layihə çərçivəsində nəqliyyat kommunikasiyaları ilə yanaşı, elektrik xətləri və digər infrastruktur məsələlərinin də müzakirə olunması prosesin praktiki mərhələyə keçməsi baxımından diqqət çəkir. Belə texniki təmaslar bir tərəfdən iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasına, digər tərəfdən isə Bakı ilə İrəvan arasında siyasi dialoqun konkret sahələr üzrə davam etdirilməsinə zəmin yaradır.
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında müxtəlif sahələr üzrə aparılan danışıqlar siyasi və iqtisadi proseslərin bir-birinə qarşılıqlı təsirini gücləndirir:

"Tərəflər arasında elektrik xətləri ilə yanaşı, Zəngəzur dəhlizindən keçəcək digər nəqliyyat yolları və xətlər üzrə də müzakirələr aparılır.
İqtisadi komponentlər siyasi müstəvidə müxtəlif məsələlərin müzakirəsi üçün əlverişli şərait yarada, siyasi danışıqlar isə öz növbəsində iqtisadi və digər sahələrdəki proseslərə müsbət təsir göstərə bilər".
Politoloq qeyd edib ki, TRIPP-in həyata keçirilməsi Ermənistan hökumətinin üzərinə götürdüyü öhdəliklər çərçivəsində nəzərdən keçirilir və əsas məsələ bəyanatlardan real işlərə keçilməsidir.
“Yaxşı olardı ki, artıq nəzəri bəyanat praktiki addımlara keçilsin və dəmir yolunun, eləcə də avtomobil yolunun açılması ilə bağlı real işlər görülsün. Hələlik biz bunları Ermənistan hökuməti tərəfindən görmürük”.
Zeynəb Həsən
19:30 08.10.2026
Oxunuş sayı: 64