Elza Seyidcahanın xeyrinə məhkəmə qərarı verildi - Rəşid Mahmudov: Məni çağırmayıblar
Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahanla həkim, professor Rəşid Mahmudov arasında efirdə səsləndirilən ifadələrlə bağlı yaranan mübahisə məhkəməyə qədər gedib çıxıb. Elza Seyidcahan Rəşid Mahmudovun televiziya efirində onun barəsində təhqiramiz ifadələr işlətdiyini iddia edərək məhkəməyə müraciət edib və mənəvi zərərə görə 10 min manat təzminat tələb edib.
Məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsində araşdırma aparılıb və iddia qismən təmin edilərək Rəşid Mahmudovun Elza Seyidcahana 500 manat mənəvi ziyan ödəməsinə qərar verilib.
Rəşid Mahmudov Crossmedia.az-a açıqlamasında məhkəməyə çağırılmadığını və prosesdən məlumatı olmadığını deyib:
“Məni çağırmayıblar, özləri orada məhkəmə qurublar, özləri də yazıblar. Mənim xəbərim yoxdur o işlərdən. Məhkəmə nə vaxt olub? Məhkəmə məni çağırmayıb. Mənə nə pul verən deyiləm, mənim pulum da yoxdur heç. Şikayət eləmirəm. Mənim nə işim var? Mən öz işimlə məşğulam”.
Beləliklə, məsələdə diqqət çəkən əsas məqamlardan biri məhkəmə prosesinin Rəşid Mahmudovun iddia etdiyi kimi onun məlumatı olmadan keçirilib-keçirilməməsidir.
Məsələ ilə bağlı Elza Seyidcahanın da mövqeyini öyrənməyə çalışdıq. Ona Rəşid Mahmudovun məhkəmə prosesi və çıxarılan qərar barədə ümumiyyətlə məlumatının olmadığını bildirməsi ilə bağlı sual ünvanladıq.
Elza Seyidcahanın məsələyə münasibəti məlum olduqdan sonra onun mövqeyini də təqdim edəcəyik.
Məhəbbət Tərlanoğlu
19:50 08.10.2026
Oxunuş sayı: 230