Prezident İranla bağlı konkret danışdı - Münasibətləri pisləşdirmək istəyənlər kimlər idi?
Müharibə
dövründə Azərbaycan xalqı və dövləti İran
xalqı və dövlətinin yanında olub.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası
Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini
qəbul edərkən
deyib ki, müharibə dövründə Azərbaycan xalqı və dövləti İran
xalqı və dövlətinin yanında olub.
Prezident
İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla
telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və
həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirib.
Müharibənin
dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını
vurğulayan dövlət başçısı bununla bağlı ölkəmiz
tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladıb.
“Arzu
edirəm ki, bölgədə heç bir müharibə olmasın”, - deyən Prezident İlham Əliyev
həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini
qeyd edib.
Azərbaycanın xarici siyasət strategiyası regional sabitliyin, müstəqil qərarların və milli maraqların qorunması prinsipləri üzərində qurulmuşdur. Prezident İlham Əliyevin Məhəmməd Baqir Qalibafla görüşündə səsləndirdiyi fikirlər ölkəmizin regionda sülhün tərəfdarı olduğunu və qonşuluq münasibətlərinə verdiyi yüksək dəyəri bir daha nümayiş etdirir. Bu bəyanat sadəcə diplomatik bir jest deyil, həm də Azərbaycanın müstəqil, balanslaşdırılmış və səmimi xarici siyasət xəttinin növbəti bariz təzahürüdür.

Dövlət başçısının verdiyi mesajlarla bağlı Milli Məclisin
Komitə sədri Fazil Mustafa Crossmedia.az-la fikirlərini bölüşüb: "Əslində,
bu, Azərbaycanın birbaşa, açıq və səmimi mövqeyidir. Yəni bəzən görürsən ki, hətta
Azərbaycana qarşı da müəyyən addımlar atılır, bir sıra ölkələr tərəfindən saxta
iddialar səsləndirilir. Azərbaycan müstəqil dövlətdir. Ölkəmiz bütün qonşu dövlətlərlə,
hətta bir-biri ilə münasibəti olmayan ölkələrlə belə, müəyyən dərəcədə balanslı
və tərəfsiz münasibət saxlamağa üstünlük verir.
Bizim Rusiya, İsrail və İranla çox normal əlaqələrimiz var.
Bəzən bizim kiminləsə qurduğumuz əlaqə başqa bir ölkənin xoşuna gəlməyə bilər.
Amma biz digər dövlətlərlə münasibətlərə zərər vura biləcək bir əlaqələr
sistemini heç kimlə qurmuruq. Hər bir qonşu dövlətlə ayrıca münasibətimiz
mövcuddur. Eyni zamanda, onların başqaları ilə olan münaqişələrinin bizə heç
bir təsiri yoxdur. Çünki bu, həmin ölkələrin öz daxili işidir. Ona görə də biz
xarici siyasətdə həmişə balanslı xəttə üstünlük veririk.
Bizim ölkənin ərazisindən hər hansı bir şəkildə İrana qarşı
hərbi əməliyyatların həyata keçirilməsi və ya bu cür addımların atılması heç
vaxt mümkün olmayıb. Çünki Azərbaycan kifayət qədər müstəqil bir ölkədir; istənilən
qüvvəyə öz mövqeyini açıq şəkildə bildirir və öz ərazisindən kiməsə qarşı
istifadə olunmasına heç vaxt imkan verməz.
Ona görə də bəzən səslənən bu cür iddialar, sadəcə, ölkələr
arasında münasibətlərin pozulmasına xidmət edən açıqlamalardır və bunlardan
yayınmaq lazımdır. Cənab Prezident də açıq şəkildə qonşu ölkə ilə normal
iqtisadi-siyasi əməkdaşlığın gücləndirilməsində maraqlı olduğumuzu dilə gətirdi.
Şübhəsiz ki, İran tərəfində də ağlı başında olan insanlar bunu çox gözəl
anlayırlar.
İndi bəzi təxribatçı elementlər müəyyən problemlər, xüsusilə
də son dron hücumundan sonrakı gərgin vəziyyəti yaratmağa çalışsalar da, bu
planları baş tutmadı. Oradakı uzaqgörən insanlar anladılar ki, problemin kökünü
başqa yerdə axtarmaq lazımdır. Azərbaycanla hər hansı bir şəkildə münasibətləri
pozmaq heç İranın da maraqlarına uyğun deyil. Ona görə də biz qarşılıqlı
maraqlarımızı qorumaqla, əməkdaşlığımızı bundan sonra da gücləndirməliyik".
Turqut Ansari
10:37 26.06.2026
Oxunuş sayı: 62