Deputatların nitqləri gündəmə oldu: Kimi ləhcə ilə danışır, kimi düzgün tələffüz etmir
Son dövrlər Milli Məclis deputatlarının çıxışları təkcə məzmun baxımından deyil, nitq mədəniyyəti baxımından da ictimai müzakirələrin mövzusuna çevrilib. Xüsusilə bəzi deputatların çıxışlarında dil, tələffüz və nitq qüsurlarının sosial şəbəkələrdə geniş şəkildə paylaşılması bu məsələyə marağı daha da artırıb. Həmçinin maraqla yanaşı ciddi qınaq obyektinə çevriliblər. Bəziləri hesab edir ki, deputat cəmiyyət qarşısında olan şəxs kimi dövlət dilində səlis, aydın və nümunəvi danışmalıdır. Digərləri isə nitqdəki texniki qüsurların deyil, səsləndirilən fikrin və məzmunun əsas götürülməli olduğunu düşünür. Bu kontekstdə belə bir sual yaranır: Milli Məclis deputatının nitqindəki qüsurlar tənqid edilərək qabardılmalıdırmı, yoxsa əsas tələb deputatın öz dilində səlis və aydın danışması olmalıdır?

Akademik Nizami Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, bu, insanı və şəxsiyyəti səciyyələndirən bir mövzudur: “Məsələn, Səməd Vurğun Azərbaycan dilində çox gözəl danışırmış, amma arada Qazax dialektinə məxsus sözlər də işlədirmiş. Böyük yazıçımız Anar xatırlayır ki, bir dəfə bir məclisdə Səməd Vurğun Cənubi Azərbaycan mənasında “otoy” sözünü işlədib. Ona irad bildiriblər ki, “niyə otoy deyirsən, otaydır axı?” O isə cavab verib ki, nə bilim, dilim elə öyrənib. Çünki qazax dialektində, doğrudan da, belə işlənir. Bu, Səməd Vurğun üçün qüsur hesab oluna bilməz. Məncə, insanın dilində müəyyən etnoqrafik xüsusiyyətlərin olması təbii haldır. Əlbəttə, nitq bütövlükdə dialekt üzərində qurulsa, bu artıq başqa məsələ olar. Amma arada belə sözlərin işlənməsi normaldır. Məsələn, Səməd Vurğunun rus dilində danışığı ilə ona görə fəxr etməliyik ki, o, rus dilində Azərbaycan tələffüzü ilə danışırdı. Təsəvvür edin ki, Səməd Vurğun rus dilində tam rus kimi danışsaydı, onda həmin fərdilik və özünəməxsusluq olmazdı. Səhv etmirdi, sadəcə Azərbaycan dilinin fonetik çalarlarını qoruyurdu. Digər xalqlarda da bunu müşahidə edirik. Məsələn, gürcülər danışanda hiss olunur ki, onlar gürcüdürlər. Bunun heç bir ziyanı yoxdur, əksinə, bu bir mədəni xüsusiyyətdir”.
Akademik bildirib ki, son dövrlər nitqi ciddi müzakirə olunan parlamentari Azər Badamov ləzgidir və böyük azərbaycanlıdır: “Onun nitqində müəyyən aksent xüsusiyyətləri var. O, çalışsa belə bunu aradan qaldıra bilməz. Bu da insanın xarakteri, mühiti və keçdiyi həyat yolu ilə bağlıdır. Hətta bəlkə buna ehtiyac da yoxdur. Razi Nurullayevin nitqində isə mən qüsur yox, müəyyən bir şirinlik görürəm. Onun danışığında fərqlilik hiss olunur. Düşünürəm ki, bu artıq onun fərdi nitq xüsusiyyətidir. Belə cəhətləri tam dəyişmək olmur. Bu, onun fikrinə, məntiqinə heç bir xələl gətirmir. Əksinə, bəzən nitqə müəyyən rəng qatır”.
N.Cəfərov xatırladıb ki, parlamentari Ülviyyə Həmzəyeva həm də tanınmış rəssamdır: "Onun nitqində hiss olunan Naxçıvan dialekti xüsusiyyətləri təbii olaraq yaşadığı mühitlə bağlıdır. Uzun illər Naxçıvanda yaşayıb, ora ilə sıx əlaqəsini qoruyub. Bu cür dil xüsusiyyətlərinin qalması tam anlaşılandır. Təsəvvür edin ki, insan bir mühitdə bir cür, başqa mühitdə tam fərqli danışmağa çalışsın — bu da süni görünə bilər. Ona görə bu cür, bəzən “qüsur” adlandırılan cəhətlər əslində insanın təbii xüsusiyyətləridir. Fikrimcə, bunlar insanın şəxsiyyətinə, məntiqinə və cəmiyyətdəki yerinə mənfi təsir göstərmir. Əksinə, şifahi nitqin özünəməxsusluğu olmalıdır. Əgər hamımız eyni cür danışsaq, nitq mexaniki və süni görünər. İnsanları bir-birindən fərqləndirən yalnız fikirləri deyil, həm də səsi, avazı, danışıq tərzi və təbii xüsusiyyətləridir. Yazılı nitq ayrı məsələdir. Amma şifahi nitqdə müəyyən fərdilik və kolorit qalmalıdır. Mən belə düşünürəm”.

Professor Qulu Məhərrəmli bildirib ki, bizim Milli Məclisdə təmsil olunan deputatların əksəriyyətinin nitqi yaxşıdır, nümunəvidir: “Xeyli səmimi, savadlı danışan, bilik verən, prosesləri yaxşı təhlil edən deputatlarımız var. Amma, əlbəttə, bəzi deputatlarda və digər ictimai - siyasi şəxslərin nitqində bu və ya digər formada qüsurlar ola bilir və var. Məncə, onların üzərində çalışsalar, yaxşı olar. Çünki bəzən məzmunu çatdırarkən, hər hansı informasiyanı təqdim edərkən bir sözün yanlış deyilməsi və ya təhrif olunması, intonasiya və vurğunun düzgün seçilməməsi nitqin gözəlliyinə və təsir gücünə mənfi təsir edir. Bunu çox səmimi şəkildə qəbul edib iradları nəzərə almalıdırlar və nitqlərinin daha nümunəvi olmasına çalışmalıdırlar. Çünki parlament sözün, çıxışın və müzakirənin məkanıdır. Ona görə də danışıq həm gözəl olmalı, həm məzmun daşımalı, həm də geniş auditoriyaya verilən informasiyalar aydın və səlis dillə çatdırılmalıdır”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının fikrincə, nəzərə almaq lazımdır ki, deputatlar diktor deyil: “Adam əgər siyasətçidirsə, yaxşı iqtisadçı, hüquqşünasdırsa, bəli, ola bilsin ki, dilində hansısa qüsur var. Nitqində hansısa qüsur ola bilər, yaxud ləhcə ilə danışa bilər. Bu, mümkündür. Amma əgər diktordursa, televiziyada aparıcıdırsa, radio aparıcısıdırsa və nitqində qüsur varsa, bu, artıq doğru deyil. Çünki həmin peşələrin əsas alətlərindən biri məhz nitqdir. Amma millət vəkili seçimində belə bir tələb qoyulmayıb”.

Sosioloq Mail Yaqub qeyd edib ki, şübhəsiz, əgər bir insan millət vəkilidirsə, bu ada sahibdirsə və Milli Məclisdə təmsil olunursa, onun nitqi yüksək səviyyədə olmalıdır: “Nitq təkcə forma baxımından səlist danışmaq deyil, həm də məzmun baxımından zəngin danışmaq deməkdir. Məzmun zəngin, ciddi olmalıdır, aldadıcı və ötəri xarakter daşımamalıdır. Bundan əlavə, forma baxımından da yüksək səviyyədə olmalıdır. Yəni millət vəkili Azərbaycan dilinin imkanlarından, söz ehtiyatından düzgün və səmərəli istifadə etməyi bacarmalıdır. Çünki millət vəkili cəmiyyət qarşısında olan insandır. O, insanların qarşısına çıxır, söhbət edir, millətə hesabat verir, millətin vəkilidir. Ona görə də millətin dilini gözəl bilməlidir — bu, bir məsələdir”.
Sosioloq əlavə edib ki, millət vəkilinin nitqinin qınaq obyektinə çevrilməsindən çox narahat olmamalıyıq: “Çünki insanlar öndə gedənləri daha çox izləyirlər. Əsas odur ki, bu proses təhqirə çevrilməsin. Tənqid yaxşıdır, islahedicidir, insanın inkişafına və özünü düzəltməsinə kömək edir. Amma təhqirə yol vermək olmaz, insanın şəxsiyyətini alçaltmaq düzgün deyil. Düşünürəm ki, millət vəkilləri öz nitqlərinə daha çox diqqət ayırmalıdırlar, Azərbaycan dilində səlist və nümunəvi danışmalıdırlar. Çünki bu bizim dövlət dilimizdir — Azərbaycan dilidir. İnsan öz dilini sevməli və o dildə gözəl danışmağı bacarmalıdır”.
Məsələ ilə bağlı bir neçə deputatla əlaqə saxlamaq istəsək də bu haqda açıqlama verməyəcəklərini bildirdilər.
Ayhan
17:33 23.06.2026
Oxunuş sayı: 61