Doğum sayının az olması ciddi problemlərə yol açacaq
Azərbaycanda doğum əmsalı əhalinin sadə təkrar istehsalı üçün qəbul edilən 2,1 səviyyəsindən aşağı düşərək təxminən 1,43-ə enib. Eyni zamanda, evliliklərin sayı azalır, boşanma göstəriciləri isə yüksək olaraq qalır. Bu tendensiyalar gələcəkdə ölkənin əmək qüvvəsi, pensiya sistemi və sosial təminatı üçün risk yarada bilər.
Sosioloq Əhməd Rəhmənov Crossmedia.az-a açıqlamasında bildirib ki, son 40 ildə Azərbaycan və Azərbaycan kimi bir çox postsovet ölkələrində əsas amil vətəndaş deyil, vergi ödəyicisi kimi qəbul olunur: “Əvvəla, ondan başlayaq ki, təəssüf ki, son 40 ildə Azərbaycan və Azərbaycan kimi bir çox postsovet ölkələrində əsas amil vətəndaş yox, yəni insan və insani normalar deyil, vergi ödəyicisi götürülür. Yəni nə vaxtsa hər şey insanların rifahı, onların sabit və sağlam həyatı üçün edilirdisə, bu gün bu ölkələrdə əsas məqsəd maddi durumdur. Mənəvi dəyərlərdən keçmişik maddi dəyərə. Bu gün əsas olan vətəndaş deyil, vergi ödəyicisidir. İnsana münasibət artıq varlıq kimi yox, daha bir istismar obyektinə olan münasibətdir. Bu da o deməkdir ki, vətəndaşların sayının azalması dövlətdə gəlirin azalması demək deyil, vətəndaş azalanda boş yeri miqrantlar tutacaq. Bu, bir tərəfdən dövləti idarə edənlərə xeyirdir. Vətəndaş əgər dövlətə verdiyi dəyər qədər dövlətdən özünə dəyər tələb edirsə, miqrant özünə dəyəri az tələb edir. Çünki qanuna görə, o, bu dövlətin vətəndaşı deyil, deməli, dili qısadır. Yəni vergi verir, kommunal ödəyir, ölkənin təbii sərvətindən pay istəmir, sosial təminat demək olar ki, istəmir. Qorxur ki, nəsə istəsə, onu ölkədən çıxararlar”.

Sosioloq qeyd edib ki, bu mərhələni dünya ölkələri çoxdan keçib: “Məsələn, Avropa bunu ötən əsrin 30-60-cı illərində keçdi. Bu gün də biz görürük ki, Avropada yerli vətəndaş daha yaxşı yaşayır, nəinki miqrantlar”.
Ə.Rəhmanov qeyd edib ki, insanlarda sabaha inam azaldıqca doğum da azalır:
“Amma bu artım olacaq. O vaxt olacaq ki, ölkədə yaşayan insan əlini dövlətdən, ətrafında olan cəmiyyətdən üzəcək və öz ətrafında, yəni ailəsi ətrafında cəmiyyət yaratmağa başlayacaq. Bunun isə bir tərəfi yaxşıdır, bir tərəfi də pisdir. Yaxşıdır ona görə ki, xalq kimi çoxalacağıq. Bir tərəfdən də pisdir ki, belə olan halda mənəvi dəyərlər xalq, dövlət, dövlətçilik mövqeyindən “Mən” və “mənim ətrafım” mövqeyinə enəcək”.
Zərnigar Hüseynli
14:30 12.08.2026
Oxunuş sayı: 45