Nazirlikdə olanların kənd təsərrüfatından, torpaqdan anlayışı yoxdur - Rəy
Azərbaycanda su ehtiyatlarının kifayət qədər olmasına baxmayaraq, kənd təsərrüfatında suvarma ilə bağlı problemlər davam edir. Mənbədən götürülən suyun nəqli zamanı böyük həcmdə itkiyə getməsi, eləcə də verilən suyun istifadə zamanı itkiləri su təminatında ciddi çətinliklər yaradır. Mütəxəssislər suyun düzgün idarə olunmasının və suvarma sistemlərinin yenilənməsinin vacibliyini vurğulayırlar.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda su resurslarının kifayət qədər olmasına baxmayaraq, mövcud ehtiyatlardan səmərəli istifadə edilmir:
“Bildiyiniz kimi, Azərbaycanda su resursu kifayət qədərdir. Yəni mənbədən 12 milyard kubmetr su götürülür. Bunun 4 milyard kubmetri nəqli zamanı itkiyə gedir. Verilən suyun 50 faizi də istifadə zamanı itkiyə gedir. Təsəvvür edirsiniz, Azərbaycanda nə qədər su itkisinə yol verilir? Deməli, birincisi, su təminatı dayanıqlı deyil. Suvarma suyu dayanıqlı, davamlı deyil. Bu da ciddi problemlər yaradır. Bitki gözləyəsi deyil ki, nə vaxtsa ona növbə çatacaq, o növbəyə uyğun su verilsin və bitki torpaqda olan elementləri həmin su vasitəsilə mənimsəyəcək. Bitki əslində qidalanır. Fotosintez prosesi getməlidir, bunun üçün də su lazımdır. Su bitkinin yarpağında turqorluğu təmin edir. Yəni orada mürəkkəb bir proses gedir”.

Elspert su olmayacağı təqdirdə məhsuldarlığın aşağı düşəcəyini, məhsulun keyfiyyətinin pisləşəcəyini və bunun da bizim kəndliləri, fermerləri ziyana məruz qoyacağını qeyd edib: “İndi su resursumuz kifayət qədərdir. 25 milyard kubmetr bizim su resursumuz var ki, bu, bizim tələbatımızdan 5 dəfə çoxdur. Bizim tələbatımız cəmi 5 milyard kubmetrdir – bütün suya olan ehtiyacımız. Kənd təsərrüfatında istifadə etmək üçün 3,5 milyard kubmetr kifayət edir. Yəni görün, nə qədər bizim resurs imkanımız var, amma biz o resursdan özümüzün suya olan tələbatımızı ödəyə bilmirik”.
Ekspert qeyd edib ki, problem idarəetmədədir: “Suyun düzgün idarə edilməsi Azərbaycanda bir problemə çevrilib. Bu sahəyə məsul olan qurumlar var. Onlar fermerə davamlı olaraq su verməlidirlər. Davamlı olaraq. Fermer su axtarışında olmamalıdır. Su birbaşa onların təsərrüfatına borular vasitəsilə yönəldilməlidir. Bunu uzun illərdir deyirik. Mümkündürmü? Mümkündür. Əksər ölkələr bunu eləyib. İspaniya və Türkiyənin bir neçə regionlarında bu artıq var. Yəni havaların isti keçdiyi ölkələrdə bunu təmin edirlər. Ümumiyyətlə, dünyanın indiki şəraitində suvarma suyu ilə problemi yoxdur. Bunun əsası uzun illərdir qoyulub və davamlı təminata keçilib. Biz təkliflərimizi vermişik. Detalları ilə, xırda detalları ilə təkliflərimizi uzun illərdir vermişik, hər bir mütəxəssis. Ona görə də indi konkret olaraq, heç olmasa, bu il artıq gecdir. Yəni gələcək üçün heç olmasa əsası qoyulmalıdır ki, hər bir əkin sahəsinə, fermerin əkin sahəsinə su davamlı olaraq borular vasitəsilə ötürülsün, verilsin. Belə olan halda su itkisinə yol verilməyəcək. Su birbaşa mənbədən borular vasitəsilə ötürüləcək, su itkisinə yol verilməyəcək. Və bu mövcud olan kanallar var, harada ki su itkiyə gedir, sızmalar baş verir və həm də buxarlanma baş verir, bunlar ləğv edilməlidir. Azərbaycan üçün əlverişli deyil. Ola bilsin, məsələn, Rusiya üçün, digər ölkələr üçün əlverişli olar, orada problem yoxdur. Amma bizdə problem olduğu üçün, problem, daha doğrusu, yaradıldığı üçün su örtülü kanallar vasitəsilə ötürülməlidir, xüsusən ötürücü borular vasitəsilə, böyük borular vasitəsilə. Yəni belə olan halda Azərbaycanın suya olan ehtiyacı təmin ediləcək. İndiki halda, əlbəttə, bunlar heç nə edə bilməzlər və o qabiliyyətdə də deyillər ki, mövcud olan problemi aradan qaldırsınlar. Həmin sahəyə mütəxəssislər, peşəkarlar cəlb edilməlidir. Hərəsi bir tərəfdən tutulub gətirilib, onların nə kənd təsərrüfatından anlayışı var, nə də ümumiyyətlə torpaqdan anlayışları var. Burada kəndlilərin üzərinə düşən bir vəzifə yoxdur. Kəndli mənbədən suyu götürə bilməz, qanun ona qadağan edir. Suvarma suyu fermerə aidiyyəti dövlət qurumu tərəfindən təmin edilməlidir. Yəni qaydası belədir”.
Zərnigar Hüseynli
15:30 12.08.2026
Oxunuş sayı: 38