Kürmük məbədi ətrafında diplomatik gərginlik: Bakıdan Tbilisiyə mühüm mesaj
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı son açıqlamasına münasibət bildirib. Nazirlik hesab edir ki, açıqlamada məbədin yerləşdiyi əraziyə dair tarixi və coğrafi adların fərqli formada təqdim edilməsi, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı yanaşmalar iki ölkə arasında formalaşmış münasibətlərin ruhuna uyğun deyil. XİN-in bəyanatında Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hər zaman hörmət etdiyi vurğulanıb və eyni münasibətin Gürcüstan tərəfindən də göstərilməsinin strateji tərəfdaşlığın əsaslarından biri olduğu qeyd edilib. Nazirlik həmçinin Gürcüstan Patriarxlığını Azərbaycan ərazisindəki tarixi, mədəni və dini abidələrlə bağlı yanaşmalarda Azərbaycan dövlətinin və xalqının milli irsinə hörmət prinsipini nəzərə almağa çağırıb.
Crossmedia.az-a açıqlamasında Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Gürcüstan tərəfinin Azərbaycan ərazisində toponimlərlə bağlı atdığı addımın ölkələr arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyini bildirib:

“Gürcüstan tərəfinin bu addımı beynəlxalq hüquqa ziddir. Çünki Azərbaycan ərazisində toponimlərin bəyan olunması proseduru bilavasitə Milli Məclisin səlahiyyətinə aid olan məsələdir və bu məsələlər qanunvericilikdə dəqiq şəkildə tənzimlənir. Hər hansı bir şəkildə yerlərin adlandırılması funksiyasını özbaşına hansısa dövlətin, qurumun, istər dini, istər qeyri-dini qurumun üzərinə götürməsi başqa ölkənin suveren hüquqlarına hörmətsizlikdir”, - deyə deputat qeyd edib.
Fazil Mustafa Gürcüstan tərəfinin bu məsələdə mövqeyinə yenidən baxmalı olduğunu vurğulayıb: “Gürcüstan tərəfi bu davranışdan, bu yanlış hərəkətdən çəkinməli və mütləq bununla bağlı xoş niyyətli açıqlama verməlidir. Əks halda, bütün bu cür toponimlərin tanınması istiqamətində biz də qarşılıqlı addımlar ata bilərik və bu da istər-istəməz münasibətlərimizə xələl gətirə bilər”.
Deputat qarşı tərəfin münasibətləri gərginləşdirə biləcək addımlardan çəkinməsinin vacibliyini qeyd edib: “Bu məsələdə ciddi şəkildə hər hansı qarşı tərəfi narahat edən addımlar atmaqdan çəkinməyi zəruri hesab edirəm. Bu, ölkələr arasında olan münasibətlərin səviyyəsinə uyğun deyil və ciddi narazılıqla qarşılanır”.
Tarixçi Mübariz Ağalarlı Cənubi Qafqazda dövlətlərarası münasibətlərin beynəlxalq hüququn təməl prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinə hörmət əsasında qurulmasının vacib olduğunu bildirib. O, Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı Gürcüstan Pravoslav Kilsəsinin son açıqlamalarının dini müstəvini aşaraq siyasi və toponimik məsələlərə toxunduğunu bildirib”.

Tarixçi Kürmük məbədinin tarixi mənsubiyyəti ilə bağlı fikirlərini bölüşüb: “Kürmükçay yüksəkliyində ucalan məbəd ilk orta əsrlərdə, Qafqaz Albaniyasının xristianlıq dövründə əsası qoyulmuş strateji ziyarətgahdır. Arxeoloji məlumatlar və tarixi qaynaqlar göstərir ki, ilkin kompleks yerli alban memarlıq ənənələrinə uyğun inşa edilmiş, bölgənin yerli xristian alban əhalisinin mənəvi mərkəzlərindən biri olmuşdur”.
Onun sözlərinə görə, XIX əsrdə məbədin memarlıq quruluşunda dəyişikliklər baş versə də, bu, abidənin tarixi coğrafiyasını dəyişmir: “XIX əsrdə çar Rusiyasının regionda apardığı inzibati-siyasi və konfessional unifikasiya siyasəti çərçivəsində, xüsusilə ‘Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti’nin fəaliyyəti dövründə qədim alban bünövrəsi üzərində qırmızı kərpicdən hazırkı kilsə binası tikilmişdir. Lakin bu memarlıq yenilənməsi abidənin yerləşdiyi tarixi coğrafiyanı və təməl mənsubiyyətini dəyişmir”.
Mübariz Ağalarlı Kürmük məbədinin Azərbaycan ərazisində yerləşən tarixi-mədəni irs nümunəsi olduğunu vurğulayıb: “Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Kürmük məbədi dövlət tərəfindən qorunan ölkə əhəmiyyətli tarixi-memarlıq qoruğudur. O, hər hansı xarici dini təsisatın və ya qonşu dövlətin mülkiyyəti deyil, Azərbaycanın multikultural irsinin və suveren mülkiyyətinin ayrılmaz hissəsidir. Hər il may və noyabr aylarında keçirilən ənənəvi ‘Kürmükoba’ mərasimi də təkcə xristian icmasının deyil, yerli müsəlman əhalinin də iştirak etdiyi ziyarət məkanı kimi fəaliyyət göstərir”.
Tarixçi Gürcüstan Patriarxlığının açıqlamasında Azərbaycan ərazisindəki rəsmi toponimlərin fərqli adlarla təqdim edilməsini də tənqid edib: “Bəyanatda Azərbaycanın rəsmi toponimlərinin təhrif olunaraq ‘Hereti’ və ‘Saingilo’ kimi təqdim edilməsi beynəlxalq hüququn təməl normaları baxımından ciddi suallar yaradır. Konfessional institutların dövlət sərhədlərini şübhə altına alan terminologiyadan istifadə etməsi iki ölkə arasında əsrlər boyu formalaşmış strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhunu zədələyə bilər. Tarixi abidələri siyasi təzyiq və cəmiyyətdə etnik-dini narazılıq formalaşdırmaq alətinə çevirmək yolverilməzdir”.
O, Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyinə də toxunub: “Azərbaycan tərəfi hər zaman Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və ərazi bütövlüyünə hörmət nümayiş etdirib. Qarşı tərəfdən də eyni adekvat və məsuliyyətli yanaşmanın nümayiş etdirilməsi vacibdir. Dini institutların gizli və ya açıq ərazi iddiaları irəli sürməsi qəbuledilməzdir”.
Mübariz Ağalarlı hesab edir ki, tarixi və dini abidələr üzərindən siyasi mübahisələrin aparılması regionda münasibətlərə mənfi təsir göstərə bilər: “Kürmük məbədi kökləri Qafqaz Albaniyasının qədim xristian dövrünə dayanan və müasir Azərbaycan dövlətinin tarixi-mədəni irsinin ayrılmaz tərkib hissəsi olan müqəddəs ocaqdır. Alban irsinin varisi olan Azərbaycan dövlətinin suveren himayəsindəki bu abidə üzərindən siyasi spekulyasiyalar aparmaq cəhdləri rədd edilməlidir. Regional sülhün və etimadın qorunması naminə dini institutlar kənar destruktiv gündəliklərdən uzaq duraraq mehriban qonşuluq prinsiplərinə ehtiram göstərməlidirlər”.
Politoloq Natiq Miri Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasının Azərbaycan-Gürcüstan münasibətlərinə təsir göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, məsələ yalnız dini müstəvidə qiymətləndirilməməli, açıqlamanın mümkün siyasi və geosiyasi nəticələri də nəzərə alınmalıdır:

“Əvvəla, patriarxın dövlət səviyyəsində olan bir məsələyə bu şəkildə özbaşına münasibət bildirməsi düzgün deyil. Çünki din dövlətdən ayrıdır. Bu, Gürcüstanda da belədir. Üstəlik, bu məsələnin arxasında başqa siyasi təsirlərin olub-olmaması da nəzərdən keçirilməlidir”, - deyə politoloq qeyd edib.
Natiq Miri Gürcüstan Patriarxlığının açıqlamasını regionda dini və tarixi abidələrlə bağlı son proseslərin davamı kimi qiymətləndirib: “Son Avropa və dünya səfirlərinin Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində də dini məbədlər və tarixi abidələrlə bağlı müəyyən müzakirələr və gündəmlər formalaşdı. Burada Ermənistan müxalifəti və kilsənin də önə çıxdığını gördük. Ona görə də Gürcüstan patriarxının bu açıqlamasını həmin prosesin davamı kimi qiymətləndirirəm”.
Politoloq hesab edir ki, açıqlamanın özü Azərbaycan üçün strateji təhlükə yaratmaya bilər, lakin onun mümkün siyasi nəticələri nəzərə alınmalıdır: “Bu məsələ təkbaşına Azərbaycan üçün strateji əhəmiyyət daşımır. Lakin məsələnin arxasında, səhnə arxasında dayanan mümkün siyasi niyyətləri nəzərə aldıqda, buna cavab vermək zərurəti yaranır. Bu baxımdan Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı etiraz bəyanatı açıqladı”.
Onun sözlərinə görə, növbəti addım Gürcüstan dövlət hakimiyyətinin üzərinə düşür: “Düşünürəm ki, növbəti addım Gürcüstan dövlət hakimiyyətinin üzərinə düşür. Onlar patriarxın açıqlamasının iki dövlət arasındakı münasibətlərə vura biləcəyi zərərlə bağlı mövqelərini bildirməli və bu cür açıqlamaların dövlətlərarası münasibətlərə təsir etməyəcəyini vurğulamalıdırlar. Eyni zamanda, belə halların təkrarlanmaması üçün aydın mesaj verilməlidir”.
Natiq Miri hesab edir ki, məsələyə adekvat reaksiya verilmədiyi halda, hadisə Azərbaycan-Gürcüstan münasibətlərinə təsir göstərə bilər: “Əks təqdirdə, bu, sıradan bir olay olmaqdan çıxaraq dövlətlərarası münasibətlərə təsir edə bilər. Əslində, bu cür açıqlamaların hədəfi də budur”.
Politoloq daha sonra Ermənistanla Azərbaycan arasındakı münasibətlər fonunda baş verən son proseslərə də toxunub: “Ermənistanın hay-küy yaratması ilə bağlı hadisələrdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın BMT kürsüsündən səsləndirdiyi fikirlər də müəyyən suallar doğurdu. BMT-nin humanitar hüququn tərkib hissəsi olan minalara qarşı mübarizə və minaların aradan qaldırılması kimi məsələlərin Azərbaycanda həbsdə olan şəxslərlə eyniləşdirilməsi düzgün yanaşma deyil. Azərbaycan tərəfinin mövqeyinə görə, həmin şəxslər müharibə cinayətləri törədiblər və məhkəmə qərarları əsasında cəzalandırılıblar”.
O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşündə də münasibətlərdə müəyyən soyuqluğun hiss olunduğunu iddia edib: “Ən azı Azərbaycan xarici işlər naziri ilə Ermənistan xarici işlər naziri arasındakı görüşdə də Ceyhun Bayramovun soyuq münasibəti açıq şəkildə hiss olundu. İndi də Gürcüstandakı patriarxın açıqlaması növbəti dövlətlərarası münasibətləri pozmağa yönələn hadisə kimi dəyərləndirilməlidir”.
Natiq Miri bu proseslərin regionda dəyişən geosiyasi vəziyyət fonunda baş verdiyini düşünür: “Hesab edirəm ki, bu proseslərin arxasında Rusiyadan qaynaqlanan təsirlər də ola bilər. Çünki Cənubi Qafqazda proseslər tədricən Rusiyanın əvvəlki nəzarətindən çıxır. Bu kontekstdə Türkiyənin iştirakı ilə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırılır və Ermənistanın da bu sistemin tərkib hissəsi kimi nəzərdə tutulduğu görünür”.
Politoloq məsələnin yalnız patriarxın açıqlaması kimi qiymətləndirilməməsinin vacibliyini vurğulayıb: “Ona görə də bu olayı sadəcə bir patriarxın açıqlaması kimi düşünmək olmaz. Bunun arxasında daha ciddi geosiyasi niyyətlərin olub-olmadığını nəzərə almaq lazımdır. Bu baxımdan Gürcüstan dövlət hakimiyyəti səviyyəsində mütləq açıqlama verilməlidir. Hər kəs dövlətlərarası münasibətlərin həssaslığını nəzərə almalıdır”.
Nigar Xəlilli
17:20 26.09.2026
Oxunuş sayı: 47