İstehsal edilən kartof anbarlarda çürüyür - Səbəb nədir?
Azərbaycanda kartof ixracının artması ölkənin bu sahədə daxili tələbatını tam ödədiyi anlamına gəlmir. Ölkədə kartofa olan illik tələbat təxminən 1,5 milyon ton olduğu halda, istehsal 900 min ton civarındadır. Nəticədə hər il yüz minlərlə ton kartof xaricdən idxal olunur. İstehsal olunan məhsulun bir hissəsinin isə saxlama şəraitinin düzgün olmaması səbəbindən çürüməsi vəziyyəti daha da çətinləşdirir. Digər tərəfdən, kartof istehsalında toxum, suvarma və məhsulun bazara çıxarılması ilə bağlı problemlər də qalmaqdadır. Azərbaycanın torpaq-iqlim şəraiti isə məhsuldarlığı artırmaq və bəzi ərazilərdə eyni sahədən ildə iki dəfə məhsul götürmək üçün imkan yaradır. Buna baxmayaraq, mövcud potensialdan tam istifadə olunmur və ölkənin kartof bazarında idxaldan asılılığı davam edir.
Crossmedia.az-a açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, kartof ixracında bir il artım, növbəti il isə azalma müşahidə olunur və bu dəyişiklik istehsalın artması ilə əlaqələndirilə bilməz:
“Azərbaycanın il ərzində təxminən 1 milyon 500 min tona qədər kartofa ehtiyacı var. Toxum materialını və istehlak normasını da nəzərə alsaq, bu qədər kartof istehsal etməliyik. Biz isə 900 min ton istehsal edirik.
Təxminən 150-200 min ton da hər il idxal edirik. Ümumi götürəndə, biz normaya əməl edə bilmirik. Hətta istehsal etdiyimiz kartofun bir hissəsi anbarlarda çürüyür. Buna səbəb anbarların primitiv olması və ya sayının azlığıdır. Bəzi hallarda məhsul sahələrdə qalır və çürüyür.
Ona görə də kartof ixracının az həcmdə artması hələ o demək deyil ki, biz istehsalı qaydaya sala bilmişik. Biz ixrac etdiyimizdən iki dəfə çox, bəzi illərdə isə 2,5 dəfə çox kartof idxal edirik.

İdxal coğrafiyasını da siz yaxşı bilirsiniz. Qonşu ölkələrdən elə bir ölkə yoxdur ki, biz oradan kartof idxal etməyək.
Biz kartof istehsalını artıra bilərik. Azərbaycanın torpaq-iqlim şəraiti imkan verir ki, Aran bölgəsində və dağətəyi rayonlarda ildə iki dəfə eyni sahədən kartof məhsulu əldə edək. Şəmkir rayonunda, Tovuz rayonunda elə kəndlər var ki, orada ildə iki dəfə eyni sahədən kartof əldə edirlər.
Məhsuldarlığı artırmaq imkanımız da var. Təəssüflər olsun ki, bizdə toxum kimi adi kartof yumrularından istifadə edilir və məhsuldarlıq aşağıdır. Kartof istehsalı ilə məşğul olanlar bir sıra problemlərlə qarşılaşırlar və həmin problemlər hələ də öz həllini tapmayıb. Bunlar su, xüsusilə suvarma suyu, toxum materialı, kartofun saxlanması və bazara çıxarılması ilə bağlı problemlərdir. Bu il ixrac olunan kartof ötən illə müqayisədə daha ucuz qiymətə satılıb. Xarici ölkələrə çıxarılan kartofun qiymətini də nəzərə almaq lazımdır".
Zeynəb Həsən
17:00 20.08.2026
Oxunuş sayı: 50