Bu qərar heyvandarlığı çökdürə bilər! - kəskin XƏBƏRDARLIQ
Azərbaycanda iri və xırdabuynuzlu heyvanların yaşına, çəkisinə və cinsinə uyğun kəsilməsi ilə bağlı yeni tələblərin hazırlanması gündəmdədir. Bu məsələ “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Sənədə əsasən, ilk növbədə heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması, onların yaşına və digər göstəricilərinə uyğun kəsilməsi ilə bağlı tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni tələblər heyvandarlıq sahəsində mövcud problemlərin fonunda heyvanların hansı yaşda və hansı meyarlar əsasında kəsilməsinin necə tənzimlənəcəyi məsələsini gündəmə gətirir. Və bu qərar maldarlıqla məşğul olan vətəndaşlar tərəfindən narazılıqla qarşılanıb.
Mövzu ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda heyvandarlıqda ciddi problemlər var:
“Azərbaycanda heyvandarlıqda ciddi problemlər var. Problem ondan ibarətdir ki, Azərbaycanda yem çatışmazlığı var. Heyvanlar normal qidalana bilmirlər. Digər tərəfdən, heyvanlar arasında xəstəliklər yayılır və uzun müddət davam edir. Keçən il də bu sahədə belə problemlər var idi, bu il də baş verir. Yəni, kifayət qədər baytar həkimləri yoxdur. Burada həm örüş ərazilərinin az olması, ot sahələrində məhsuldarlığın aşağı olması, digər tərəfdən isə fermerlərin, kəndlilərin hələ də təəssüf ki, kifayət qədər məlumatlı olmaması bir sıra çətinliklər yaradır. Belə olan halda indi elə adamlar çıxacaq ki, deyəcəklər: “Dünyada bu praktika tətbiq olunur”. Ümumiyyətlə, heyvanların kəsimi məsələsi kəndlinin, fermerin öz işidir. Onlar bu barədə qərar qəbul edə bilərlər. Yaş məsələsinə gəlincə, bununla bağlı kifayət qədər yazılarım və çıxışlarım olub. Heyvanların müəyyən yaşda kəsilib-kəsilməməsini yalnız yaş meyarı ilə əsaslandırmaq düzgün deyil. İlkin yaşlarda heyvanlar çox qısa müddətdə yüksək çəki artımı alırlar. Bu, təbii və genetik xüsusiyyətdir. Sonrakı mərhələdə isə çəki artımını təmin etmək üçün əlavə qidaya ehtiyac yaranır. Heyvan böyüdükcə fiziki vəziyyətini qorumaq üçün daha çox qidaya ehtiyac duyur. Bizim kəndlilərə quzunu uzun müddət saxlayıb qoç həddinə çatdırmaq sərf etmir. Çünki heyvanın saxlanılması üçün daha çox yem tələb olunur. Digər tərəfdən, quzu əti nisbətən baha satılır, nəinki qoç əti. Ona görə də bu, fermerlərimiz üçün iqtisadi baxımdan sərfəli deyil".

Kənd təsərrüfatı eksperti qeyd edib ki, heyvandarlıq sahəsində qanunların hazırlanması zamanı bu sahənin peşəkarlarının iştirakı vacibdir: “Digər tərəfdən, bilirsiniz, son vaxtlar Milli Məclisdə də bəzi qanunların peşəkar yanaşma olmadan qəbul edildiyini görürəm. Təsəvvür edirsiniz, Milli Məclisdə bir nəfər də olsun aqronom, zootexnik və ya baytar həkim yoxdur. Aqrar komissiyanın rəhbəri də filoloqdur. Belə qeyri-peşəkar yanaşma, əlbəttə, müəyyən problemlər yaradır. Qanunları bu sahənin peşəkarları hazırlamalı və əsaslandırmalıdırlar. Əgər yaşla bağlı hər hansı məhdudiyyətin tətbiqi əsaslandırıla bilərsə, bunu zootexnik və ya baytar həkim əsaslandıra bilər, ədəbiyyat müəllimi yox. Bax, burada belə bir absurd vəziyyət yaranır. Ona görə də mən hesab edirəm ki, bu, ziyanlı bir qanundur və hazırda buna ehtiyac yoxdur. Ola bilsin, bir neçə ildən sonra, 5-10 ildən sonra belə bir ehtiyac yaransın. Amma hələlik ehtiyac yoxdur. Dediyim kimi, sahədə ciddi problemlər var. Bütün qanunlar, qaydalar və qəbul edilən qərarlar ilk növbədə həmin problemlərin həllinə yönəlməlidir.”
Nuray Mehtiyeva
16:30 28.09.2026
Oxunuş sayı: 49