Fermer südünü torpağa tökür: Alış qiymətləri çox aşağıdır
Fermerin istehsal etdiyi südü sata bilmədiyi üçün torpağa tökməsi ilə bağlı yayılan görüntülər kənd təsərrüfatında süd istehsalçıları ilə bağlı problemləri yenidən gündəmə gətirib. Məsələnin əsas səbəbləri arasında südün alış qiymətinin aşağı olması, istehsal xərclərinin yüksəkliyi, fermerlərin məhsulu sərfəli qiymətə sata bilməməsi və kiçik təsərrüfatların emal imkanlarının məhdudluğu göstərilir. Kənd Təsərrüfatı Nazirliyi isə fermerlə bağlı məsələnin artıq razılaşdırıldığını və dövlət tərəfindən dəstək göstərilməsinin nəzərdə tutulduğunu açıqlayıb.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, fermer bununla bağlı daha bir video çəkərək paylaşıb və məsələ artıq razılaşdırılıb.
Onun sözlərinə görə, dövlət tərəfindən fermerə dəstək göstərilməsi nəzərdə tutulur.
Ramin Qurban qeyd edib ki, nazirlik iyun ayında da südə dövlət dəstəyi ilə bağlı açıqlama verib:
“Subsidiya Şurasının iclası keçiriləcək və həmin iclasda fermerlərə hansı həcmdə dəstək veriləcəyi ilə bağlı dəqiq qərar qəbul olunacaq”.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə süd istehsalçıları üçün mövcud vəziyyətin əsas səbəblərindən birinin alış qiymətinin aşağı olması olduğunu deyib:

“Fermerlərin südünün alış qiymətinin aşağı qalması istehsal xərclərinin yüksək olması ilə bağlıdır. Onlar südü maya dəyərindən aşağı qiymətə satdıqlarına görə bu, onlara fayda vermir, əksinə, ziyan vurur. Buna görə də südü satmaqdan imtina edirlər və bir çox halda südün xarab olduğunun şahidi oluruq.
Süddən qatıq və ya digər məhsullar əldə etmək olar, lakin bu məhsulların da satışı problemlidir. Qatıq istehsal etdikdə gərək onu satmaq üçün rayon bazarına, yaxud Bakı, Sumqayıt və digər şəhər bazarlarına çıxarasan. Bu da daşınma xərci, vaxt itkisi kimi əlavə xərclər tələb edir.
Kənd Təsərrüfatı Nazirliyi və ya digər dövlət qurumları süd alışı ilə məşğul olmamalıdır. Südü sahibkarlar — südü kəndlidən, fermerdən alıb onun satışı və emalı ilə məşğul olacaq fiziki və ya hüquqi şəxslər almalıdır. Bəs belə halda Kənd Təsərrüfatı Nazirliyi nə etməlidir? Əlbəttə, burada nazirliyin üzərinə düşən vəzifələr var. Nazirlik süd istehsal edən, lakin onu sata bilməyən və ya sərfəli qiymətə satmaqda çətinlik çəkən kəndli və fermerlərlə işləməlidir. Onlar regionlara gedəndə Kənd Təsərrüfatı naziri və onun müavinləri əvvəlcədən müəyyən edilmiş, xüsusi hazırlanmış şəxslərlə görüşmək əvəzinə, birbaşa kiçik fermer təsərrüfatlarına və ailə-kəndli təsərrüfatlarına baş çəkməlidirlər. Nazirlik rəhbərliyi bir neçə ailə təsərrüfatı ilə elə onların öz yerində görüşməli, xüsusilə süd satışı problemi olan təsərrüfatlarla maraqlanmalıdır. Öyrənməlidirlər ki, o kənddə kiçik fermalarda neçə nəfər süd istehsalı ilə məşğuldur və bu barədə dəqiq məlumat əldə etməlidirlər. Həmçinin, bu təsərrüfatlar üçün ucuz kredit resursları təklif edilməlidir ki, onlar kiçik emal müəssisələri yarada bilsinlər. Həmin kənddə heyvandarlıq və süd istehsalı ilə məşğul olan kəndlilər birləşib kooperasiya şəklində kiçik emal müəssisələrində südün emalını təşkil etməlidirlər. Ola bilsin ki, həmin kənddə kimsə südün toplanması və həmin kiçik müəssisədə emalı işini öz üzərinə götürmək istəsin.
Ekspert qeyd edib ki, bu işi təşkil edəcək şəxslər Kənd Təsərrüfatı naziri, onun müavinləri, şöbə rəisləri və ya nazirlikdə çalışan məmurlar olmalıdır: "Biz bunu dəfələrlə deyirik. Bu məmurların, demək olar ki, bazar iqtisadiyyatından anlayışı yoxdur. Baxmayaraq ki, onların əksəriyyəti Avropa təhsillidir. Diplomu Avropa diplomudur, amma düşüncələri gənc olmalarına baxmayaraq, hələ də primitivdir, köhnə Sovet düşüncəsidir. Bu sahəyə yanaşma dəyişməlidir. Azərbaycanı Avropa ölkələri ilə müqayisə etmək olmaz; orada sistem oturuşub, hər kəs öz işini bilir, nazir dəyişəndə vəziyyət dəyişmir və istehsal qaydasında davam edir. Bizdə isə bu sistemin hamısını təşkil etmək lazımdır. Bu təşkilatçılığı da elə Kənd Təsərrüfatı Nazirliyi həyata keçirməlidir. Əgər dediyim kimi olsa — nazir, onun müavinləri və nazirliyin məmurları kəndlilərlə yerində işləsələr, onları başa salsalar və onlara yardım etsələr, onda Kənd Təsərrüfatı Nazirliyi və ya hər hansı digər bir qurum nəyə görə süd almalıdır ki? O zaman südün alıcısı da tapılacaq, onun satışı ilə məşğul olan da tapılacaq, həmin kənddə onu emal edən də tapılacaq. Kənd Təsərrüfatı Nazirliyi məhz bunu təşkil etməlidir”.
Zeynəb Həsən
11:00 26.08.2026
Oxunuş sayı: 46