ABŞ-Rusiya danışıqlarında milyardlarla dollarlıq neft razılaşması gündəmdə
ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə Rusiya arasında Ukraynadakı müharibənin həlli ilə bağlı danışıqlara milyardlarla dollarlıq mümkün neft razılaşması da daxil edilib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
Məlumata görə, müzakirə olunan razılaşma Rusiyanın “Lukoyl” şirkətinə məxsus xarici aktivləri əhatə edir. Söhbət müxtəlif ölkələrdəki neft yataqları, neft emalı zavodları və yanacaqdoldurma məntəqələri şəbəkəsindən gedir. Razılaşmanın həyata keçirilməsi üçün həm ABŞ hakimiyyətinin, həm də Kremlin razılığı tələb olunur.
“The New York Times”ın məlumatına görə, mümkün sövdələşmədə amerikalı investor Todd Boehly, Yaxın Şərqdən bir neçə biznes qrupu və ABŞ hökumətinə bağlı qurumlardan biri iştirak edir.
Rusiya Prezidenti Vladimir Putin sövdələşmə məsələsini sentyabrın 5-də ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə keçirilən görüş zamanı gündəmə gətirib. Nəşrin yazdığına görə, Putin razılaşmanın reallaşdırılmasını ABŞ və Rusiya arasında kommersiya əlaqələrinin bərpasının mümkünlüyünü göstərən addım kimi təqdim edib.
Bildirilir ki, yekun qərar hələ qəbul edilməyib və razılaşmanın gələcək taleyi Vaşinqton və Moskvanın mövqeyindən asılı olacaq.
21:15 04.10.2026
Oxunuş sayı: 42