İrlandiya-İsrail matçı öncəsi mətbuat konfransı yarımçıq qaldı
Serbiyada İrlandiya və İsrail yığmaları arasında Millətlər Liqası oyunu öncəsi keçirilən mətbuat konfransı israilli jurnalistlərin suallarından sonra yarımçıq dayandırılıb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Mətbuat konfransında israilli jurnalistlərdən biri İrlandiya yığmasına və onun dəstəklədiyi şəxslərə dair “Flydubai” təyyarəsində baş verən insidentlə bağlı sual ünvanlayıb. İrlandiya Futbol Assosiasiyasının nümayəndəsi isə bu mövzuda suallara cavab verilməyəcəyini bildirərək jurnalistləri yalnız futbol məsələləri ilə bağlı suallar verməyə çağırıb.
Daha sonra digər israilli jurnalist İrlandiya futbolçularının qarşılaşma zamanı rəqib oyunçuları “meymun” adlandırdığını iddia edib. İrlandiya Futbol Assosiasiyasının nümayəndəsi bu iddianı “tamamilə həqiqətə uyğun deyil” deyə rədd edib. Ardınca mətbuat konfransı dayandırılıb.
Gərginlik iki komanda arasında ötən həftə Macarıstanda keçirilən qarşılaşmadan sonra yaranıb. İrlandiya həmin oyunda İsraili 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma zamanı İrlandiya futbolçuları İsrail himni səsləndirilərkən başlarını aşağı əyib, əl sıxışmaq mərasimində iştirak etməyib və Qəzza münaqişəsində həlak olanların xatirəsinə qara sarğı taxıblar.
Həmin oyundan sonra İrlandiya Futbol Assosiasiyası İsrail azarkeşlərinin İrlandiya millisinin futbolçusu Adam İdaha qarşı irqçi şüarlar səsləndirdiyi barədə iddianı araşdırdığını açıqlayıb. UEFA isə hadisənin matç zamanı müvafiq protokola uyğun şəkildə qeydə alınmadığını əsas gətirərək araşdırma başlada bilməyəcəyini bildirib.
21:24 04.10.2026
Oxunuş sayı: 53