Hindistan Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə kömək etməyə hazırdır
Hindistan Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına dəstək verməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayshankar bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
Cayshankarın sözlərinə görə, Hindistan son aylarda münaqişənin həlli istiqamətində yalnız çağırışlarla kifayətlənməyərək həm Rusiya, həm də Ukrayna ilə təmaslarını artırıb. O bildirib ki, əsas məsələlərdən biri Qara dənizdə gəmiçiliyin təhlükəsizliyidir.
Nazir qeyd edib ki, Hindistan bununla yanaşı, Rusiya və Ukraynanın taxıl və enerji ixracı ilə bağlı narahatlıqlarının aradan qaldırılması, eləcə də hücumların qarşısının alınması imkanlarının müzakirəsində də iştirak edir.
Cayshankar Rusiya-Hindistan münasibətlərinə də toxunaraq bildirib ki, iki ölkə arasında əlaqələr zamanla yenilənib və hazırda münasibətlərdə iqtisadi əməkdaşlığın çəkisi daha böyükdür. Bununla yanaşı, hərbi, nüvə, kosmik, ticarət və enerji sahələrində də əməkdaşlıq davam edir.
21:44 04.10.2026
Oxunuş sayı: 44