Vulkanın püskürməsi xəritəni dəyişdi: Anak-Krakatau böyüdü
İndoneziyada Anak-Krakatau vulkanının silsilə püskürmələri sahil xəttində dəyişikliklərə səbəb olub və vulkanın ətrafında yeni quru sahələri formalaşıb.
Crossmedia.az xəbər verir ki, İndoneziya Geologiya Agentliyi bu barədə məlumat yayıb.
Qurumun məlumatına görə, lava axınları adanın sahəsini təxminən 32,8 hektar artırıb. Peyk görüntülərində vulkanın yaxınlığında iki yeni quru sahəsinin yarandığı da müəyyən edilib.
Dəyişikliklərin Yava və Sumatra adaları arasında, Zond boğazında yerləşən Anak-Krakatau vulkanının son dövrlərdəki aktivliyi nəticəsində meydana gəldiyi bildirilir.
Mütəxəssislər vulkanın aktivliyini və strukturunda baş verən dəyişiklikləri müşahidə etməkdə davam edirlər.
Anak-Krakatau 1883-cü ildə baş vermiş dağıdıcı Krakatau püskürməsindən sonra formalaşıb və İndoneziyanın ən aktiv vulkanlarından biri olaraq qalır.
20:51 04.10.2026
Oxunuş sayı: 45