Azərbaycan enerjini satmaqla kifayətlənməyəcək: Yeni iqtisadi modelin detalları
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışında ənənəvi təchizat zəncirlərində yaranan risklərin Azərbaycan üçün yerli və xarici investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar yaratdığını bildirib. Dövlət başçısı həmçinin ölkənin elektrik enerjisi potensialından süni intellekt və data mərkəzlərində istifadə, eləcə də enerjinin ixracı istiqamətində iki variantın nəzərdən keçirildiyini qeyd edib.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov ənənəvi təchizat zəncirlərində yaranan risklərin Azərbaycan üçün yeni investisiya imkanları yaratdığını və enerji potensialının rəqəmsal texnologiyalarla əlaqələndirilməsinin ölkə iqtisadiyyatı üçün yeni perspektivlər aça biləcəyini bildirib:
“Şübhəsiz, ənənəvi təchizat zəncirlərində yaranan risklərin Azərbaycan üçün yerli və xarici investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar yaratdığı görünür. Bu imkanların bir neçə müstəvidə artıq özünü göstərdiyini görürük. Amma bu proseslər fonunda önəmli məsələ həm də elektrik enerjisindən süni intellekt və data mərkəzlərində istifadə məsələsidir. Bu, nəticə etibarilə tamamilə yeni bir reallıq formalaşdırır və Azərbaycanın enerji strategiyasında yeni çalarların meydana çıxmasına gətirib çıxarır”, - deyə deputat qeyd edib.
Azər Allahverənovun sözlərinə görə, söhbət artıq yalnız elektrik enerjisinin satışından və ixrac coğrafiyasının genişləndirilməsindən getmir: “Burada söhbət sadəcə elektrik enerjisinin satışı, elektrik enerjisinin ixrac coğrafiyasının böyüdülməsi və enerji resurslarının ixrac edildiyi tərəfdaş ölkələrin sayının artırılmasından getmir. Biz artıq sözün əsl mənasında Azərbaycanın enerji üstünlüyünün rəqəmsal iqtisadiyyat üstünlüyünə çevrilməsini açıq şəkildə görürük. Bu da enerji strategiyasında yeni çalarların nədən ibarət olduğunu göstərir”.
Deputat süni intellektin inkişafı fonunda elektrik enerjisinin də bu iqtisadiyyatın əsas resurslarından birinə çevrildiyini vurğulayıb: “Süni intellektin sürətli inkişafı qlobal miqyasda yeni reallıq formalaşdırır. Artıq məlumat və hesablama gücü ilə yanaşı, elektrik enerjisi də süni intellekt iqtisadiyyatının əsas resurslarından birinə çevrilməkdədir. Bu gün bir sıra dövlətlər öz ərazilərində data mərkəzlərinin yaradılması təşəbbüsü ilə fəal çıxış edirlər”.
Azər Allahverənov Azərbaycanın enerji potensialının data mərkəzləri və süni intellekt infrastrukturu ilə əlaqələndirilməsinin bir neçə istiqamətdə imkanlar yarada biləcəyini bildirib: “İlk növbədə, bu, Azərbaycanın enerji resurslarını daha yüksək əlavə dəyər yaradan sahəyə yönəltməsinə imkan verə bilər. Enerjinin yalnız ixrac edilməsi ilə onun enerji tutumlu rəqəmsal infrastrukturun fəaliyyətində istifadə olunması arasında iqtisadi baxımdan əhəmiyyətli fərq var. Data mərkəzinin qurulması təkcə elektrik enerjisinə tələbat yaratmır. Bunun ətrafında telekommunikasiya, fiber-optik şəbəkələr, soyutma sistemləri, mühəndislik xidmətləri, kibertəhlükəsizlik, proqram təminatı və digər xidmətlərdən ibarət bütöv bir ekosistem formalaşa bilər”.
Onun sözlərinə görə, digər mühüm istiqamət investisiyaların diversifikasiyasıdır: “Bu gün qlobal investorlar süni intellekt və data mərkəzlərini uzunmüddətli perspektivdə strateji infrastruktura çevrilən sahələr kimi nəzərdən keçirirlər. Azərbaycan özünün enerji təminatı, coğrafi mövqeyi, nəqliyyat bağlantıları və rəqəmsal infrastruktur imkanlarını vahid investisiya təklifi şəklində təqdim edə bilsə, ölkəyə ənənəvi enerji sektorundan kənar yeni insan kapitalının cəlb edilməsi üçün əlavə imkanlar yarana bilər. Bu istiqamətdə SOCAR və digər şirkətlər arasında bağlanan sazişlər də ölkəmizin bu sahədə hərəkət etdiyini göstərir”.
Azər Allahverənov Azərbaycanın enerji potensialının yaşıl enerji ilə əlaqələndirilməsinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib: “Gələcək data mərkəzləri günəş, külək və digər bərpa olunan enerji mənbələri hesabına təmin olunarsa, bu, Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də daha aşağı karbon izi ilə fəaliyyət göstərən rəqəmsal infrastruktur məkanı kimi mövqelənməsinə imkan verə bilər. Qlobal şirkətlərin enerji mənbələrinin dayanıqlılığına və karbon emissiyalarına getdikcə daha çox diqqət yetirdiyi şəraitdə bu amil investisiya qərarlarında əhəmiyyətli mövqeyə sahib ola bilər”.
Deputat bununla yanaşı, yalnız enerji resurslarının mövcudluğunun Azərbaycanın böyük süni intellekt mərkəzinə çevrilməsi üçün kifayət etmədiyini diqqətə çatdırıb: “Bunun üçün sürətli və etibarlı internet infrastrukturu, böyük həcmdə məlumatların ötürülməsi imkanları, data təhlükəsizliyi, müvafiq qanunvericilik, peşəkar kadrlar, rəqabətqabiliyyətli enerji tarifləri və investorlar üçün uzunmüddətli hüquqi təminat verə biləcək hüquqi mühitin formalaşdırılmasına ciddi ehtiyac var. Bunlar öz-özlüyündə kifayət qədər həlledici amillərdir”.
Deputat Azərbaycanın qarşısında daha geniş transformasiya imkanının dayandığını vurğulayıb: “Azərbaycanın qarşısında enerjini ixrac etməklə kifayətlənməyib, enerjinin yaratdığı üstünlüyü hesablama gücünə, hesablama gücünü isə yeni iqtisadi dəyərə çevirmək məsələsi dayanır. Bu model reallaşarsa, data mərkəzləri Azərbaycanda sadəcə serverlərin yerləşdiyi texniki obyektlər olmayacaq. Onlar yeni investisiyaların, rəqəmsal xidmətlərin, texnoloji şirkətlərin, yüksək ixtisaslı iş yerlərinin və süni intellekt ekosisteminin formalaşdığı iqtisadi mərkəzlərə çevrilə bilər”.
“Ənənəvi təchizat zəncirlərində yaranan dəyişikliklər Azərbaycan üçün risk olmaqla yanaşı, yeni iqtisadi ixtisaslaşma imkanları da yaradır. Enerji ilə rəqəmsal texnologiyaların birləşdirilməsi həmin imkanlardan birini təşkil edir. Nəticə etibarilə enerji strategiyası ilə süni intellekt və rəqəmsal inkişaf strategiyasının bir vəhdət təşkil etdiyini görə bilərik”, - deyə deputat əlavə edib.
Nigar Xəlilli
18:00 26.09.2026
Oxunuş sayı: 45