Qarabağ Universitetində ixtisas və fakültələrin sayı artırılıb
2024-cü ildə 6 fakültə, 27 ixtisas proqramı və 1154 tələbə ilə fəaliyyətə başlayan Qarabağ Universitetində hazırda 9 fakültə üzrə 49 ixtisas proqramında təhsil imkanları təqdim olunur.
Crossmedia.az xəbər verir ki, universitetdə mühəndislik, biznes və iqtisadiyyat, tibb və sağlamlıq elmləri, riyaziyyat və kompüter elmləri, pedaqogika, təbiət elmləri, humanitar və sosial elmlər, eləcə də incəsənət istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Universitetdə müasir auditoriyalar və laboratoriyalar, kitabxana və elmi-tədqiqat məkanları yaradılıb. Tələbələrin təhsil imkanlarından tam yararlanması üçün bütün tələbələrin yataqxana və kommunal xidmət xərcləri dövlət tərəfindən qarşılanır.
Qeyd olunub ki, universitetin inkişafı çərçivəsində Xankəndidə Mühəndislik, Riyaziyyat və kompüter elmləri, Təbiət elmləri, Sosial elmlər və hüquq, Şuşada İncəsənət, Xocalıda isə Kənd Təsərrüfatı fakültələri üçün yeni binaların inşası nəzərdə tutulur.
Bundan əlavə, Qarabağ Universitetinin Klinikası ilə birlikdə Tibb və sağlamlıq fakültəsinin fəaliyyət göstərdiyi akademik-kliniki mərkəzin yaradılması təhsil, elmi tədqiqat və tibbi xidmətin inteqrasiyasına imkan verir.
Universitetdə tələbələr üçün təcrübə proqramları, istehsalat təcrübəsi və tətbiqyönümlü təhsil imkanları da təşkil olunur.
14:43 12.08.2026
Oxunuş sayı: 43