Qabil: Yüz ilin poeziya yaddaşı
Bu gün, 12 avqust 2026-cı ildə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Qabil Allahverdi oğlu İmamverdiyevin anadan olmasının 100 illiyi tamam olur. Onun adı müasir Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti, vətənpərvərlik ruhu, fəlsəfi dərinliyi və xalqın ürəyinə yaxın sadə, səmimi dili ilə əbədi həkk olunub.
Qabil 1926-cı il avqustun 12-də Bakı şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1944–1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində təhsil alıb. 1954–1956-cı illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub. Bu illər onun ədəbi dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Şərq və Qərb ədəbiyyatını dərindən mənimsəyən gənc şair həm klassik irsə, həm də müasir poetik axtarışlara bağlı qalıb.
Əmək fəaliyyətinə Yardımlıda və Bakıda müəllimliklə başlayan Qabil sonralar “Azərbaycan müəllimi” qəzetində, “Kommunist” qəzetində, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində, “Ədəbiyyat və incəsənət” qəzetində poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalında isə ədəbi işçi və baş redaktorun müavini kimi çalışıb. Uzun illər Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olub. Bu vəzifələrdə o, gənc ədəbi nəslin yetişməsinə, milli poeziyanın inkişafına böyük töhfə verib.
Qabilin ədəbi yolu 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan “Gəl baharım” şeiri ilə başlayıb. 1950-ci ildə isə “Səhər açılır” adlı ilk kitabı işıq üzü görüb. Daha sonra “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və digər topluları oxucuların rəğbətini qazanıb. Onun yaradıcılığında həyat həqiqətlərinin realist təsviri, vətəndaşlıq hissi, təbiətə, torpağa və insan taleyinə dərin məhəbbət aparıcı yer tutur.
Şairin ən yadda qalan əsərləri arasında “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir – məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi şeirlər xüsusi yer tutur. Bu şeirlər sadəliyi, obrazlılığı və emosional gücü ilə xalq arasında əzbərlənib. Xüsusilə “Səhv düşəndə yerimiz” şeiri onun poetik credo su kimi yadda qalıb və bu gün də aktuallığını qoruyur. Qabilin ən monumental əsəri isə İmadəddin Nəsimiyə həsr olunmuş “Nəsimi” poemasıdır. Fəlsəfi-psixoloji və epik-dramatik xarakter daşıyan bu poema Azərbaycan poeziyasının klassik nümunələrindən sayılır.
Qabilin yaradıcılığı yalnız lirik və fəlsəfi şeirlərlə məhdudlaşmır. O, həm də tərcüməçi kimi fəaliyyət göstərib, bir çox xalqların şairlərinin əsərlərini Azərbaycan dilinə çevirib. Öz əsərləri isə müxtəlif dillərə tərcümə olunaraq ölkəmizin hüdudlarından kənarda da tanınıb.
Şairin ədəbi və ictimai xidmətləri yüksək qiymətləndirilib. O, 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1984-cü ildə Əməkdar incəsənət xadimi, 1992-ci ildə isə müstəqil Azərbaycanın ilk Xalq şairlərindən biri olub. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub. Onun oğlu Mahir Qabiloğlu atanın ədəbi yolunu davam etdirir. Şairin yumoru, səmimi zarafatları və xalq arasında dolaşan lətifələri də onun şəxsiyyətinin ayrılmaz hissəsidir.
Bu gün yüz illik yubileyində Qabil yalnız bir şair kimi yox, həm də xalqın ürəyinin dilinə çevrilmiş sənətkar kimi yad edilir. Onun şeirləri hələ də oxunur, əzbərlənir və yeni nəsillərə ötürülür. Çünki Qabilin sözü həmişə öz yerində düşüb – nə səhv, nə də artıq.
Ayhan
16:45 12.08.2026
Oxunuş sayı: 44