Polşada ukraynalıların siyasi təsirindən narahatlıq
Polşanın sağçı qüvvələrinin nümayəndələri Avropa İttifaqı ölkələrində etnik ukraynalıların siyasi təsirinin artmasından narahatdırlar.
Crossmedia.az xəbər verir ki, Polşanın “Konfederasiya” koalisiyasından Avropa Parlamentinin deputatı Eva Zayançkovska-Hernik bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Deputatın açıqlamasına səbəb Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kulebanın Polşada və digər ölkələrdə yaşayan ukraynalılara müraciəti olub.
Zayançkovska-Hernikin sözlərinə görə, Kuleba uzunmüddətli məqsəddən danışıb. Bu məqsədə əsasən, yaxın 30 il ərzində ukraynalı əsilli şəxsin Avropa ölkələrindən birində baş nazir və ya prezident vəzifəsini tutması mümkün ola bilər.
Deputat bildirib ki, burada söhbət artıq sadəcə inteqrasiyadan getmir və ukraynalı miqrantlar vasitəsilə siyasi təsirin artırılması planından danışılır.
Zayançkovska-Hernik miqrantlara vətəndaşlıq verilməsi qaydalarının sərtləşdirilməsinə çağırıb. O, həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxaraq bunun miqrasiya axınının daha da artmasına səbəb ola biləcəyini iddia edib.
Qeyd edək ki, Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba daha əvvəl Polşada ukraynalılara qarşı hücumların artacağını proqnozlaşdırıb. O, hazırda baş verənlərin hələ “pik hədd” olmadığını bildirib.
23:59 27.09.2026
Oxunuş sayı: 48