Monteneqroda şok əməliyyat: iki rusiyalının evindən 1 milyon avro çıxdı
Monteneqroda Rusiya və İsrail vətəndaşlığı olan iki şəxs saxlanılıb. Onların üzərindən və kirayə götürdükləri mənzillərdən külli miqdarda nağd pul və izləmə avadanlıqları aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, “Vijesti”nin məlumatına görə, Aleksandr Kruglyanski və Aleksandra Kruglyanskaya Tivat hava limanında saxlanılıblar. Onlar 19 çamadanla Təl-Əvivə uçmağa hazırlaşarkən tutulublar və məhkəmə qərarı ilə 30 gün müddətinə həbs ediliblər.
Polisin məlumatına görə, gömrük yoxlaması zamanı 26 min 200 avro və 1 150 İsrail şekeli nağd pul, dərmanlar, 1 000 prezervativ, həmçinin bəyan edilməmiş çoxsaylı elektronika aşkarlanıb. Tapılan avadanlıqlar arasında mikrofonlu GPS izləyicisi, radio siqnal detektoru, müşahidə kameraları, məlumat daşıyıcıları və kompüter komponentləri də olub.
Saxlanılan şəxslər ifadə verməkdən imtina ediblər. Onların saxlanılmasından sonra polis Budva və Bar şəhərlərində rusiyalıların kirayə götürdüyü mənzillərdə 12 saatdan çox davam edən axtarışlar aparıb.
“Vijesti”nin mənbələrinin məlumatına görə, mənzillərdə ümumi dəyəri təxminən 1 milyon avro olan səkkiz müxtəlif valyutada nağd pul, 1 000-dən çox saxta avro və müxtəlif İT avadanlıqları, o cümlədən izləmə və müşahidə üçün nəzərdə tutulan cihazlar aşkar edilib.
İş üzrə araşdırma Monteneqro polisi, Milli Təhlükəsizlik Agentliyi və xarici kəşfiyyat əməkdaşları ilə birgə aparılır. Bununla belə, Aleksandr və Aleksandra Kruglyanskaya hələlik casusluqda ittiham edilməyiblər.
20:03 27.09.2026
Oxunuş sayı: 51