Himalayda uçqun düşdü: 10 alpinist itkin düşüb
Himalayda düşən uçqun nəticəsində ekspedisiyaya hazırlaşan azı 10 nepallı alpinist itkin düşüb.
Crossmedia.az xəbər verir ki, “AFP” bu barədə məlumat yayıb.
Hadisə Nepalın Mananq rayonunda, 7 126 metr yüksəklikdə yerləşən Himlunq Himal zirvəsi yaxınlığındakı baza düşərgəsində baş verib. Ekspedisiyanın təşkilatçıları bildiriblər ki, yerli bələdçilər bazar günü səhər düşərgəyə hazırlıq işləri apararkən uçqunun altında qalıblar.
Son günlər zirvə ətrafında güclü qar yağması müşahidə olunub. Əlverişsiz hava şəraiti xilasetmə işlərinə mane olur, helikopterlər və xilasedici qruplar hadisə yerinə çata bilmirlər.
“Himalaya Holidays Trekking” şirkətinin nümayəndəsi Bibhuti Çand Thakur bildirib ki, onların ekspedisiya komandasının səkkiz üzvü və başqa bir şirkətin daha iki əməkdaşı itkin düşüb.
Nepallı alpinistlər xarici alpinistlərdən əvvəl əraziyə göndərilib. Onların vəzifəsi düşərgəni hazırlamaq, marşrutu təşkil etmək və dağda kəndirləri bərkitmək olub.
Son günlər Nepalın dağlıq rayonlarında davamlı yağış və qar yağması təhlükəli şərait yaradıb. Həftənin əvvəlində isə uçqun təhlükəsinin artması səbəbindən dünyanın səkkizinci ən yüksək zirvəsi olan Manaslu dağındakı alpinistlər ərazini tərk etməyə məcbur olublar.
17:54 27.09.2026
Oxunuş sayı: 36