Kimyaterapiyanın yan təsirlərini necə azaltmaq olar?
Kimyaterapiyanın cəmiyyətdə ən çox bilinən yan təsirləri saç tökülməsi, ürəkbulanma və qusmadır. Bəzən müxtəlif reaksiyalar da müşahidə oluna bilər.
Bunu Crossmedia.az-a geniş müsahibəsində https://crossmedia.az/az/article/98591 tibbi onkoloq Zülfiyyə İmamquliyeva deyib.

O, bildirib ki, bu yan təsirləri azaltmaq üçün müasir tibbdə kimyaterapiyadan əvvəl tətbiq olunan premedikasiya sistemlərindən istifadə edilir: “Yəni kimyaterapiyanın özündən əvvəl müəyyən dərmanlar verilir və ürəkbulanma, qusma və digər yan təsirlərin qarşısının alınmasına çalışılır. Ürəkbulanma və qusma kimi əlamətlər üçün ən müasir dərmanlardan istifadə edirik və nəticədə xəstələrdə əvvəlki dövrlə müqayisədə daha az diskomfort müşahidə olunur. Saç tökülməsinə gəldikdə isə burada vəziyyət protokoldan-protokola dəyişir. Bəzi süd vəzi xərçəngi protokollarında saç tökülməsi hələ də müşahidə olunur. Amma bəzi xərçəng növlərində, xüsusilə müalicə protokolunda hədəf terapiyası və ya immunoterapiya istifadə olunursa, saç tökülməsi ümumiyyətlə müşahidə edilməyə bilər”.
Müsahibimizin sözlərinə görə, saç tökülməsini azaltmaq üçün dünyada “scalp cooling” adlanan üsuldan da istifadə olunur: “Bu zaman kimyaterapiya zamanı xəstənin baş dərisini soyudan xüsusi papaqdan istifadə edilir. Bu üsul xüsusilə ABŞ-də daha geniş tətbiq olunur. Onun effektivliyi təxminən 70 faiz təşkil edir. Yəni bütün xəstələrdə eyni nəticə vermir, amma müəyyən xəstələrdə saç tökülməsinin azalmasına kömək edə bilir”.
01:20 12.08.2026
Oxunuş sayı: 37