Xərçəng xəstəliyindən necə qorunmaq olar? - MÜSAHİBƏ
Xərçəng diaqnozu bu gün də cəmiyyətdə ən çox qorxu yaradan ifadələrdən biridir. Xüsusilə kimyaterapiya, xəstəliyin gec mərhələləri, müalicənin yan təsirləri və xərçəngin “gəncləşməsi” ilə bağlı cəmiyyətdə bir sıra yanlış təsəvvürlər mövcuddur. Halbuki müasir onkologiyada xərçəng artıq əvvəlki kimi yalnız ümidsiz diaqnoz kimi qəbul edilmir. Erkən aşkarlama, fərdiləşdirilmiş müalicə, yeni dərmanlar və müasir terapiya üsulları bir çox hallarda xəstələrin tam sağalmasına imkan verir.
Bəs kimyaterapiya həqiqətən xəstəni zəiflədir və “öldürürmü”? Hər xərçəng xəstəsinə kimyaterapiya tətbiq edilirmi? Gənclər arasında onkoloji xəstəliklərin artmasının səbəbləri nələrdir? Süd vəzi xərçənginin hansı əlamətlərinə diqqət etmək lazımdır və qadınlar ev şəraitində özlərini necə müayinə edə bilərlər?
Bu və digər suallarla bağlı tibbi onkoloq Zülfiyyə İmamquliyeva Crossmedia.az-a müsahibə verib:
— Süd vəzi xərçəngi ilə bağlı cəmiyyətdə hansı yanlış təsəvvürlər mövcuddur və erkən diaqnostika nə üçün vacibdir?
— Süd vəzi xərçəngi ilə bağlı ilk növbədə onu qeyd etmək lazımdır ki, artıq bu xəstəlik erkən mərhələdə aşkarlandıqda müalicə imkanları kifayət qədər genişdir. Hər erkən aşkarlanan süd vəzi xərçənginə görə avtomatik olaraq kimyaterapiya tətbiq edilmir. Müalicə fərdiləşdirilir. Bunun üçün şişin histoloji növünə, dərəcəsinə, ölçüsünə, xəstəliyin xüsusiyyətlərinə, qoltuqaltı limfa düyünlərinə yayılmanın olub-olmamasına baxılır. Bütün bunlar nəzərə alınaraq hər bir xəstə üçün fərdi müalicə planı hazırlanır. Çox erkən mərhələdə aşkar olunan süd vəzi xərçənglərində bəzən yalnız cərrahi əməliyyat kifayət edir. Bəzi hallarda şüa terapiyasından istifadə olunur. Xəstənin vəziyyətindən və şişin xüsusiyyətlərindən asılı olaraq hormon terapiyası və digər fərdiləşdirilmiş müalicə üsulları tətbiq edilə bilər. Yəni çox erkən aşkar olunan süd vəzi xərçənglərində heç kimyaterapiyaya ehtiyac olmaya bilər. Digər xərçəng növlərində də elə hallar var ki, xəstəlik əməliyyatla tamamilə aradan qaldırılır və bundan sonra xəstə mütəmadi olaraq nəzarətdə saxlanılır. İlk iki il ərzində, məsələn, hər üç aydan bir kontrol müayinələr aparıla bilər. Burada bir məsələni də qeyd etmək lazımdır. Avropada və digər ölkələrdə onkoloqlar xəstəyə diaqnozu və xəstəliyin mərhələsini daha açıq şəkildə izah edirlər. Bizdə isə hələ də fərqli yanaşmalar var. Bəzi xəstələr öz diaqnozunu bilmək istəmir, ailə üzvlərinə məlumat verilməsini xahiş edir. Digər xəstələr isə tam əksinə, bütün detalları bilmək və müalicə prosesində aktiv iştirak etmək istəyirlər. Bu, əslində, insan faktoru ilə bağlıdır və təkcə Azərbaycana xas deyil. Avropada da belə hallar mövcuddur. Amma maarifləndirmə artdıqca insanların xəstəlik barədə məlumatlılığı da yüksəlir. İnsanlar artıq öz diaqnozlarını bilmək, xəstəlik haqqında məlumat almaq və müalicədə fəal iştirak etmək istəyirlər.
— Kimyaterapiya ilə bağlı cəmiyyətdə ən geniş yayılmış yanlış təsəvvürlər hansılardır?
— Cəmiyyətdə kimyaterapiya ilə bağlı ən geniş yayılmış yanlış təsəvvürlərdən biri budur ki, güya kimyaterapiya insanı öldürür. Bəzən xəstəliyin son mərhələsində olan insanların vəziyyətini görən şəxslər kimyaterapiyanı xəstənin vəziyyətinin ağırlaşmasının səbəbi kimi qəbul edirlər. Halbuki burada məsələyə düzgün yanaşmaq lazımdır. Bizdə, digər ölkələrdə olduğu kimi, bəzi xəstəliklər erkən müayinələrin kifayət qədər aparılmaması səbəbindən gec mərhələdə aşkarlana bilir. Xəstə son mərhələdə müraciət etsə belə, bu o demək deyil ki, ona heç bir müalicə tətbiq edilmir.
Onkoloji müalicədə iki əsas yanaşma var: kurativ və palliativ müalicə. Kurativ müalicənin məqsədi xəstəliyi tamamilə aradan qaldırmaqdır. Palliativ müalicənin məqsədi isə xəstənin simptomlarını yüngülləşdirmək, həyat keyfiyyətini yaxşılaşdırmaq və xəstənin vəziyyətini mümkün qədər stabil saxlamaqdır. Palliativ müalicənin tərkibində kimyaterapiya da istifadə oluna bilər. Ona görə də kimyaterapiyanı görüb “kimyaterapiya öldürür” demək düzgün deyil. Əksinə, erkən mərhələdə aşkarlanan bir sıra xərçəng xəstəliklərində kimyaterapiya müalicənin mühüm hissəsi ola bilər. Amma digər tərəfdən, xərçəng diaqnozu qoyulan hər xəstəyə avtomatik olaraq kimyaterapiya vermirik. Patoloji nəticələrə baxılır, şişin ölçüsü, dərəcəsi, növü və digər xüsusiyyətləri qiymətləndirilir. Bəzi hallarda genomik testlərdən də istifadə olunur. Məsələn, elə hallar olur ki, kimyaterapiya verək, yoxsa hormon terapiyasına üstünlük verək – bu məsələdə qərar vermək çətinləşir. Xüsusilə xəstə gəncdirsə, şiş müəyyən dərəcədə aqressiv görünürsə və ya başqa risk faktorları varsa, əlavə onkoloji və genetik analizlərin aparılması tövsiyə oluna bilər.
— Kimyaterapiyanın yan təsirlərini azaltmaq üçün bu gün hansı müasir üsullardan istifadə olunur?
— Kimyaterapiyanın cəmiyyətdə ən çox bilinən yan təsirləri saç tökülməsi, ürəkbulanma və qusmadır. Bəzən müxtəlif reaksiyalar da müşahidə oluna bilər. Bu yan təsirləri azaltmaq üçün müasir tibbdə kimyaterapiyadan əvvəl tətbiq olunan premedikasiya sistemlərindən istifadə edilir. Yəni kimyaterapiyanın özündən əvvəl müəyyən dərmanlar verilir və ürəkbulanma, qusma və digər yan təsirlərin qarşısının alınmasına çalışılır. Ürəkbulanma və qusma kimi əlamətlər üçün ən müasir dərmanlardan istifadə edirik və nəticədə xəstələrdə əvvəlki dövrlə müqayisədə daha az diskomfort müşahidə olunur. Saç tökülməsinə gəldikdə isə burada vəziyyət protokoldan-protokola dəyişir. Bəzi süd vəzi xərçəngi protokollarında saç tökülməsi hələ də müşahidə olunur. Amma bəzi xərçəng növlərində, xüsusilə müalicə protokolunda hədəf terapiyası və ya immunoterapiya istifadə olunursa, saç tökülməsi ümumiyyətlə müşahidə edilməyə bilər. Saç tökülməsini azaltmaq üçün dünyada “scalp cooling” adlanan üsuldan da istifadə olunur. Bu zaman kimyaterapiya zamanı xəstənin baş dərisini soyudan xüsusi papaqdan istifadə edilir. Bu üsul xüsusilə ABŞ-də daha geniş tətbiq olunur. Onun effektivliyi təxminən 70 faiz təşkil edir. Yəni bütün xəstələrdə eyni nəticə vermir, amma müəyyən xəstələrdə saç tökülməsinin azalmasına kömək edə bilir.
— Gənclər arasında onkoloji xəstəliklərin artması ilə bağlı müşahidələr varmı? Əgər varsa, bunun mümkün səbəbləri nələrdir?
— Artıq xərçəng xəstəliyinin müəyyən mənada gəncləşməsi ilə bağlı müşahidələr var. Bunun səbəbi isə xərçəngin çoxfaktorlu xəstəlik olmasıdır. Burada həm genetik, həm epigenetik, həm ekoloji, həm qidalanma, həm də həyat tərzi faktorları rol oynayır. Ekologiya, qidalanma tərzimiz, həyat tərzimiz, istifadə etdiyimiz qidalar – bunların hamısı birlikdə orqanizmə təsir edə və immun sisteminin fəaliyyətini zəiflədə bilər. Bu faktorların uzun illər ərzində təsiri nəticəsində xərçəng xəstəliyinin inkişafına şərait yarana bilər. Məsələn, siqaret ağciyər xərçənginin əsas risk faktorlarından biridir. Amma ağciyər xərçənginin adenokarsinoma kimi növləri də var ki, xüsusilə qadınlarda daha erkən yaşlarda müşahidə oluna bilir və heç bir siqaret istifadəsi ilə əlaqəsi olmaya bilər. Alkoqolun da müxtəlif xərçəng növlərinin inkişafında rolu var. Qidalanma, xüsusilə həddindən artıq emal olunmuş, çox duzlu, çox ədviyyatlı və yandırılmış qidaların müntəzəm istifadəsi də müəyyən xərçəng növləri üçün risk yarada bilər. Xərçəng çoxfaktorlu xəstəlik olduğu üçün ölkələr üzrə də xəstələrin yaş strukturunda dəyişikliklər müşahidə olunur. Məsələn, neyroendokrin şişlər əvvəllər xərçəng xəstəlikləri arasında çox az faiz təşkil edirdi. Hazırda isə bu xəstəliklərin aşkarlanması və sayı artmaqdadır. Burada da ekologiya, radiasiya və digər çoxsaylı faktorların rolunu nəzərə almaq lazımdır.
— Xərçəng xəstəliyi ilə bağlı dünyada və Azərbaycanda statistika necədir?
— Dünya Səhiyyə Təşkilatının GLOBOCAN statistik məlumatlarına əsasən, 2024-cü ildə dünyada bütün xərçəng növləri üzrə təxminən 20,6 milyon yeni xərçəng hadisəsi qeydə alınıb. Bunun içərisində süd vəzi xərçəngi üzrə təxminən 2,4 milyon yeni hadisə olub və süd vəzi xərçəngindən 694 min ölüm qeydə alınıb. Azərbaycana gəldikdə isə GLOBOCAN-ın 2024-cü il məlumatlarına əsasən, süd vəzi xərçəngi üzrə 1 659 yeni hadisə qeydə alınıb, 446 ölüm halı olub. Bu rəqəmləri qiymətləndirərkən onu da nəzərə almaq lazımdır ki, süd vəzi xərçəngi Azərbaycanda qadınlar arasında birinci yerdə dayansa da, erkən skrininqin artması xəstəliyin daha erkən mərhələdə aşkarlanmasına imkan verir. Erkən aşkarlama isə müalicənin daha effektiv aparılmasına və ölüm riskinin azalmasına kömək edir.
— İnsan evdə öz süd vəzisini necə müayinə edə bilər?
— Qadınlar süd vəzilərini özləri də müəyyən qaydada müayinə edə bilərlər. Bunun üçün güzgü qarşısında dayanmaq olar. İlk olaraq əlləri bel nahiyəsinə qoyaraq süd vəzilərinə baxmaq lazımdır. Süd vəzilərinin formasında, ölçüsündə və dəridə hər hansı dəyişiklik olub-olmadığına diqqət yetirilməlidir. Daha sonra bir əl başın arxasına qoyularaq digər əllə qarşı tərəfdəki süd vəzi yoxlanıla bilər. Süd vəzisi və qoltuqaltı nahiyə barmaqlarla yoxlanılaraq əlinizə gələn hər hansı törəmə və ya düyünün olub-olmadığına diqqət etmək lazımdır. Əgər yeni yaranmış düyün və ya başqa dəyişiklik hiss olunursa, mütləq həkimə müraciət edilməlidir. Amma onu da qeyd etmək lazımdır ki, evdə özünü müayinə peşəkar müayinələri əvəz etmir. 40 yaşdan yuxarı qadınlar skrininq müayinələrindən keçməlidirlər. Ailəsində BRCA1 və BRCA2 kimi genetik mutasiyalar və ya süd vəzi xərçəngi olan qadınlarda isə daha erkən yaşlardan müayinələrə başlanması lazım gələ bilər.
— Süd vəzi xərçənginin əsas xəbərdarlıq əlamətləri hansılardır?
— Süd vəzi xərçənginin səkkiz əsas xəbərdarlıq əlamətini qeyd etmək olar. Birincisi, döşdə və ya qoltuqaltında yeni törəmənin, düyünün əllə hiss olunmasıdır. İkincisi, süd vəzisinin ölçüsündə və formasında dəyişiklikdir. Üçüncüsü, süd vəzisinin dərisində dəyişiklikdir. Şiş olan nahiyədə dəridə çöküklük yarana bilər. Bəzən dəri portağal qabığına bənzəyə bilər. Bu, ödemlə əlaqəli ola bilər. Dördüncüsü, süd vəzi giləsinin içəri çəkilməsidir. Təbii olaraq süd vəzi giləsi içəriyə doğru olan qadınlar da var. Amma əvvəllər belə olmayan bir qadında sonradan gilənin içəri çəkilməsi araşdırılmalıdır. Beşincisi, gilə ətrafında qabıqlanma və qaşınmadır. Bu, ekzema ilə əlaqəli ola bilər, amma süd vəzi giləsinin Paget xəstəliyi də nəzərə alınmalıdır. Ekzema müalicə ilə aradan qalxa bilər, Paget xəstəliyində isə dəyişiklik qalır. Buna görə də bu iki vəziyyəti bir-birindən differensial etmək lazımdır. Altıncı əlamət süd vəzi giləsindən qanlı və ya şəffaf, qeyri-adi axıntının gəlməsidir. Hamiləlik və laktasiya dövründə olan fizioloji ifrazatlardan fərqli olaraq, başqa vaxtlarda xüsusilə birtərəfli qanlı axıntı müşahidə edilirsə, bu, həkimə müraciət etmək üçün ciddi əsasdır. Yeddinci əlamət süd vəzisində qızartı və şişkinliyin yaranmasıdır. Səkkizinci isə döş dərisində və səthində yeni dəyişikliklərin meydana çıxmasıdır. Amma burada çox vacib bir məsələ var: döşdə hər düyün xərçəng deyil. Bununla belə, hər yeni dəyişiklik mütləq qiymətləndirilməlidir.
— Süd vəzi xərçənginin geri qayıtmasının qarşısını almaq üçün xəstələr nələrə diqqət etməlidirlər?
— Xərçəngdən müalicə olunmuş xəstələr üçün sağlam həyat tərzi çox vacibdir. Orta hesabla Avropa və Amerika onkoloji cəmiyyətlərinin tövsiyələrinə əsasən, xərçəng xəstəliyindən müalicə olunmuş insanlar həftə ərzində minimum 150 dəqiqə fiziki aktivliyə üstünlük verməlidirlər. Bu, mütləq ağır idman demək deyil. Gəzinti, yürüş və digər fiziki hərəkətlər də aktivlik hesab olunur. Əsas məsələ insanın hərəkətsiz həyat tərzindən uzaq olmasıdır. Sağlam qidalanma da çox önəmlidir. Konservləşdirilmiş qidalardan, paketlənmiş qidalardan, emal olunmuş ət məhsullarından mümkün qədər uzaq durmaq lazımdır. Çünki belə məhsullarda nitratların səviyyəsi yüksək ola bilər. Həddindən artıq yandırılmış və çox qızardılmış qidaların da istifadəsini məhdudlaşdırmaq lazımdır. Daha çox tərəvəz, bitki mənşəli qidalar, sağlam yağlar və mümkün qədər az emal olunmuş, təbii qidalara üstünlük verilməlidir. Bəzi araşdırmalarda erkən süd vəzi xərçəngindən müalicə olunmuş qadınlar uzun müddət ərzində izlənilib. Bu araşdırmalarda fiziki aktivlik, sağlam qidalanma və ümumi həyat tərzinin xəstəliyin geri qayıtması riskinə təsiri araşdırılıb. Fiziki aktiv və sağlam qidalanan insanlarda xəstəliyin təkrarlanması ilə bağlı daha yaxşı nəticələr müşahidə olunub. Ona görə də xəstəlikdən sağaldıqdan sonra da sağlam həyat tərzi davam etdirilməlidir.
— Ümumiyyətlə, xərçəng xəstəliyinin yaranma riskini azaltmaq üçün sağlam insan gündəlik həyatında nələrə diqqət etməlidir?
— Xərçəngin yaranma ehtimalını sıfıra endirmək mümkün deyil. Çünki genetik faktorlar da var və insanın özündən asılı olmayan səbəblər mövcuddur. Amma riski azaltmaq mümkündür. Bunun üçün xəstəliyə tutulmamışdan əvvəl sağlam qidalanmaq, fiziki aktiv olmaq və düzgün yuxu rejiminə əməl etmək lazımdır. Sağlam həyat tərzi bəzi insanlarda genetik meyllilik olsa belə, xəstəliyin daha gec yaşda ortaya çıxmasına və riskin azalmasına kömək edə bilər. Yaşıl çay, sarıkök kimi məhsullarla bağlı immun sisteminə təsir göstərməsi və xərçəng riskinin azalmasına kömək etməsi barədə müxtəlif araşdırmalar aparılıb. Lakin bunları xərçəngdən qoruyan və ya xərçəngi müalicə edən vasitə kimi təqdim etmək düzgün deyil. Əsas olan ümumi sağlam həyat tərzidir. Oturaq həyat tərzi və piylənmə də xərçəng üçün provokativ risk faktorlarıdır. Buna görə fiziki aktivlik, normal bədən çəkisinin qorunması və sağlam qidalanma çox vacibdir.
— Dəri xərçəngindən qorunmaq üçün günəş şüalarından necə qorunmaq lazımdır?
— Dəri xərçənginin qarşısının alınmasında günəşdən qorunmaq çox vacibdir. Xüsusilə bədənin açıq nahiyələrində – üzdə, qollarda və digər nahiyələrdə olan xallara diqqət yetirmək lazımdır. Anadangəlmə xallar varsa, onları günəşin intensiv olduğu vaxtlarda qorumaq lazımdır. Xüsusilə yay aylarında günəşin ən aktiv olduğu saatlarda – təxminən 10:00-dan 16:00-dək – birbaşa günəş şüalarından mümkün qədər uzaq durmaq, papaq və uyğun geyimlərdən istifadə etmək məsləhətdir. Açıq nahiyələrə günəşdən qoruyucu kremlər də tətbiq olunmalıdır. Əgər xalın zamanla dəyişdiyini görürsünüzsə, buna diqqət yetirmək lazımdır. Məsələn, xalın ölçüsünün artması, formasının dəyişməsi, üzərində qabıqlanma yaranması və ya digər dəyişikliklərin meydana çıxması həkimə müraciət üçün əsasdır. Belə dəyişikliklər müşahidə olunarsa, dermatoloq və ya onkoloqa müraciət etmək lazımdır. Həkim həmin nahiyəni xüsusi cihazla, mikroskopik müayinə ilə qiymətləndirə və dəyişikliklərin təhlükəli olub-olmadığını müəyyən edə bilər. Ümumiyyətlə, dəri xərçəngləri bütün xərçənglər arasında böyük paya malik olmasa da, açıq nahiyələrdə yerləşən xalları günəşdən qorumaq və onlarda baş verən dəyişiklikləri vaxtında qiymətləndirmək lazımdır. Əsas məsələ odur ki, insan xərçəng diaqnozundan qorxaraq müayinədən qaçmasın. Əksinə, erkən müayinə və erkən diaqnostika müalicənin nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Ayhan
16:10 10.08.2026
Oxunuş sayı: 63