Regionda yeni mərhələ başlayır: Kilid ərazi Naxçıvandır
Ermənistan və İran arasında TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunması layihənin regional nəqliyyat bağlantıları baxımından gündəmdə qalmasını göstərir. Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarkis Xandanyan bildirib ki, ABŞ-İran münasibətlərindəki gərginliyin layihəyə mane olacağını düşünmür.
Xandanyanın sözlərinə görə, TRIPP çərçivəsində dəmir yolu məsələsi də gündəmdədir və hazırda onun yerləşəcəyi ərazi və məqsədəuyğunluğu araşdırılır. O qeyd edib ki, yoxlamalar başa çatdıqdan sonra tikinti işlərinə başlanması nəzərdə tutulur və İrəvan layihənin həyata keçirilməsinə siyasi maneə görmür.
Politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, Naxçıvan ətrafında yaranan yeni imkanlar region ölkələrinin əməkdaşlığının genişləndirilməsini zəruri edir:
“Düşünürəm ki, dövlət başçısı İlham Əliyev Naxçıvanda regionun gələcəyi, onun kommunikasiya xətlərinin diversifikasiyası, şaxələnməsi ilə bağlı öz fikirlərini artıq açıqladı. Məsələ burasındadır ki, həqiqətən də o bölgədə, Naxçıvanın özünün ətrafında çox böyük imkanlar qərar tutur və bu imkanlardan istifadə etməkdən ötrü gərək bütün ətraf ölkələrin hamısı bir-birləri ilə münasibətlərdə artıq yeni bir müstəviyə çıxsınlar. Çünki söhbət regionun inkişafından gedir”.

T.Abbasov 3+3 formatının regionun beynəlxalq nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına xidmət etdiyini qeyd edib:
“3+3 layihəsi özü-özlüyündə onu ehtiva edir ki, Qafqaz bölgəsinin beynəlxalq daşımalarda, kommunikasiyalarda fəaliyyəti, sonra faydalılıq əmsalı mütləq şəkildə artırılmalıdır və artacaqdır. Ona görə də burada bütün ölkələr hamısı gərək həmrəy çalışsınlar. Çünki hətta Prezident İlham Əliyevin bir sözü var, deyir ki, bu yeni yaradılan konyunkturadan uduzan olmayacaq, hamı uduş əldə edəcək”.
Politoloq bildirib ki, yeni regional reallıqlardan kənarda qalmaq ölkələrin öz seçimindən asılı olacaq:
“Yəni əgər kimsə proseslərdən kənarda qalsa, onda bu, onun öz günahı olacaq. O baxımdan da, əlbəttə ki, bu çox dərin bir fikirdir. Bəli, yeni konyunktura yaranıb və onun qədrini bilmək lazımdır. Bununla bağlı tərəflər gərək özlərinin koordinasiya işini düzəltsinlər”.
T.Abbasov Şimal-Cənub və Xəzər üzərindən keçən nəqliyyat marşrutlarının əhəmiyyətinin də artdığını vurğulayıb:
“Görürsünüz, indi Şimal-Cənub dəhlizinin də mahiyyəti artır. Xəzər çoxdan artıq fəaliyyətdədir və biz də onun şaxələnməsi üçün öz imkanlarımızı əsirgəmirik, göstəririk ki, bəli, bu işlərin hamısında biz gərək bir-birimizə yaxın olaq”.
Politoloq region ölkələri arasında yaranan fikir ayrılıqlarının böyük regional məqsədlərin reallaşdırılmasına mane olmamalı olduğunu bildirib:
“Əlbəttə ki, qonşuluq siyasətində müxtəlif dönəmlər olur. Bəzi hallarda gedən anlaşılmazlıqlar, qəzəblər ortaya çıxır. Bu qaçılmazdır və hətta ənənədir".
T.Abbasov Ermənistanın Azərbaycan və İranla münasibətlərində yaranan yeni imkanlardan konstruktiv şəkildə istifadə etməsinin vacibliyini qeyd edib:
“Ona görə hesab edirəm ki, Ermənistan əgər, həqiqətən də, Azərbaycanla münasibətlərində səmimidirsə, burada iki oyun oynamırsa, sonra söz verib o sözündən qaçmayacaqsa, İranla münasibətlərini inkişaf etdirə bilər. Çünki məsələn, Ermənistan, eləcə də biz indi görürük ki, Naxçıvandan da ikinci dəmir yolu xətti İrana açılacaq, Prezident İlham Əliyev də bu haqda danışdı”.
Politoloq yeni regional reallıqlar fonunda Ermənistan və İranın da fəal mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb:
“Əgər bir vaxtlar bölgədə qarşıdurma meylləri güclü idisə, Ermənistanın ucbatından, onun siyasətinə, təhlükəli siyasətinə görə, indi isə, həqiqətən də, yeni reallıq, demək olar ki, aydın bir mənzərə yaradır. Bu baxımdan Ermənistanla İran nə üçün əməkdaşlıq etməsinlər? Özü də bütün bu proseslərin hamısında məhz Azərbaycanın aparıcı və sabitləşdirici rolu özünü büruzə verir. Bundan yalnız və yalnız bəhrələnmək, faydalanmaq və bunun qədrini bilmək lazımdır. Odur ki, rəsmi İrəvan, rəsmi Tehran bu proseslərdə yalnız müşahidəçi qismində yox, implementasiyanı həyata keçirən tərəf kimi özlərini təsdiq etməlidirlər”.
Nigar Xəlilli
16:00 12.08.2026
Oxunuş sayı: 40