KİV: Kadırov çeçenləri müharibəyə kütləvi göndərməkdən çəkinir
Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynadakı müharibə üçün respublika əhalisini kütləvi şəkildə cəbhəyə göndərmək istəmədiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Economist” Çeçenistan rəhbərliyinə yaxın mənbəyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, özünü Putinin “piyada əsgəri” kimi təqdim edən Kadırov Çeçenistan əhalisini müharibə naminə qurban vermək istəmir. Kadırov daha əvvəl Çeçenistanın cəbhəyə 70 mindən çox hərbçi göndərdiyini bildirsə də, təsdiqlənmiş itkilərin bu rəqəmə nisbətən xeyli aşağı olduğu qeyd edilir.
“The Economist” bunu “Ahmat” bölmələrinə Rusiyanın digər regionlarından çoxsaylı könüllülərin cəlb edilməsi ilə izah edir. Nəşrin mənbəsi iddia edib ki, “Ahmat”ın tərkibindəki çeçenlərə hətta “çox canfəşanlıq etməmək və özlərini qorumaq” tövsiyə olunur.
Bildirilir ki, bunun nəticəsində Kadırov Çeçenistanda məcburi səfərbərlikdən böyük ölçüdə yayınaraq yerli əhalinin müdafiəçisi imicini qoruyub.
16:53 12.08.2026
Oxunuş sayı: 40